Survivor 2026 yarışmasının iştirakçılarından olan Dilan Çıtak ada konseyində verdiyi açıqlamalarla gündəmə gəlib. Yarışma zamanı həyat hekayəsi ilə bağlı danışan Çıtakın səsləndirdiyi fikirlər izləyicilər tərəfindən atası, tanınmış sənətçi İbrahim Tatlısesə ünvanlanan mesaj kimi qiymətləndirilib.
Referans Media xəbər verir ki, Ada konseyində emosional anlar yaşayan Dilan Çıtak ailəsi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, üç bacı-qardaşdırlar və ailəsindən aldığı tərbiyə onun bu günkü xarakterinin formalaşmasında mühüm rol oynayıb. Çıtak, “Həqiqi Dilanı tanımaq istəyənlər onsuz da tanıyır” deyə vurğulayıb.
Yarışma iştirakçısının daha əvvəl verdiyi açıqlamalar da diqqət mərkəzinə düşüb. Dilan Çıtak bildirib ki, bir çox insanların düşündüyünün əksinə olaraq, onun arxasında heç vaxt dəstək verən güclü bir fiqur olmayıb. Əksinə, bəzi şəxslər səbəbindən layiq olduğu mövqeyə çata bilmədiyini qeyd edib. O, musiqi karyerasında da bu səbəbdən müəyyən dəyişikliklər etdiyini, əvvəllər ingiliscə mahnılar ifa etdiyi halda son illərdə türk dilində yaradıcılığa üstünlük verdiyini deyib.
Dilan Çıtakın Survivor 2026-da səsləndirdiyi bu fikirlər qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və ictimaiyyət tərəfindən ailədaxili münasibətlərlə bağlı üstüörtülü mesaj kimi dəyərləndirilib.






















