“Bu il magistraturaya qəbul nəticələri bir daha sübut etdi ki, ali təhsilin planlaşdırılması keyfiyyətsiz, əlaqəsiz və məsuliyyətsiz şəkildə aparılır”.
Referans bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert xatırladıb ki, bu il magistratura pilləsinə ixtisas seçimi edən 15555 nəfərdən 13446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16794 plan yeri ayrılıb, lakin 3300-dən çox plan yeri boş qalıb.
“Bu o deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər, bu yerlər üçün nə tələbə var, nə də maraq. Amma nəticədə nə baş verir? Həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, birbaşa həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”, deyə Kamran Əsədov vurğulayıb.
Ekspert qeyd edir ki, daha da acınacaqlısı odur ki, builki imtahanda iştirak edən 26241 bakalvrın 3147 nəfəri 0–30 bal arası nəticə göstərib:
“Bu rəqəm onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır. O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır? Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi? Elm və Təhsil Nazirliyi?
Və daha bir nüans – qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi ilə, amma 7648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir.
Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura isə məqsəd deyil, formal pilləyə çevrilib. Elm və Təhsil Nazirliyi bu vəziyyətə nəzarət etməlidir”.