İheanaço varsa, problem yoxdur! Türkiyə futbol tarixində yeni rekorda imza atdı

Türkiyə 1-ci Liqasının 10-cu turunda “Bursaspor” səfərdə “Muğlaspor”u 3:0 hesabı ilə məğlub edib. Görüşün ulduzu Nigeriya millisinin hücumçusu Keleçi İheanaço olub. İki qol vuran futbolçu mövsümdəki qol sayını 14-ə çatdırmaqla yanaşı, Türkiyə futbolunda tarixi göstəriciyə imza atıb.

Referans Media xəbər verir ki, Muğla Atatürk stadionunda keçirilən qarşılaşmada “Bursaspor”un qollarını 58-ci və 79-cu dəqiqələrdə Keleçi İheanaço, 83-cü dəqiqədə isə Hüseyn Maldar vurub.

“Bursaspor”un nigeriyalı hücumçusu bu matçda dubl edərək cari mövsümdə vurduğu qolların sayını 14-ə yüksəldib. İheanaço ardıcıl 10 oyunda qol vurmaqla Türkiyə futbolunun tarixinə düşüb.

O, 1962–1963-cü illər mövsümündə “Qalatasaray”ın formasında ardıcıl 9 oyunda fərqlənən Metin Oktayı və 1995–1996-cı illər mövsümündə “Kocaelispor”da eyni uğura imza atan Saffet Sancaklını geridə qoyub.


İheanaço bundan əvvəl də “Bursaspor”un klub tarixinə düşmüşdü. Nigeriyalı futbolçu ardıcıl 9 oyunda qol vuraraq 2014–2015-ci illər mövsümündə 8 matçlıq seriya ilə yadda qalan Fernandaonun göstəricisini üstələmişdi. “Muğlaspor”la qarşılaşmada isə seriyasını 10 oyuna çatdırıb.

Bu qələbədən sonra “Bursaspor” xallarını 22-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Muğlaspor” isə 12 xalla kifayətlənib. Növbəti turda “Bursaspor” doğma meydanda “Pendikspor”u qəbul edəcək. “Muğlaspor” isə səfərdə “Manisa FK” ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki