“Qalatasaray”ın “Barselona” ilə qarşılaşmasında komandasının yeganə qoluna məhsuldar ötürmə verən Rafael Leao ümumi çıxışı ilə gözləntiləri doğrulda bilməyib. Portuqaliyalı futbolçu assist etməsinə baxmayaraq, oyundakı performansına görə tənqidlərin hədəfinə çevrilib.
Referans Media xəbər verir ki, 38 milyon avroya heyətə cəlb edilən sol cinah oyunçusu qol ötürməsindən başqa, meydanda yetərincə təsirli çıxış edə bilməyib.
Leao “Barselona” ilə matçda 18 dəfə top itkisinə yol verib. Onun ötürmələrinin dəqiqliyi isə 59 faiz təşkil edib. Hücumda cəmi bir dəqiq orta və bir uğurlu driblinq qeydə alan futbolçunun komandanın ön xətdəki təzyiqinə qoşulmaması və müdafiəyə lazımi dəstəyi verməməsi də diqqət çəkib.
Portuqaliyalı futbolçu “Sportinq”lə oyunda 32 dəqiqə, “Barselona” ilə qarşılaşmada isə 90 dəqiqə meydanda olub. O, Çempionlar Liqasının bu iki matçında orta hesabla 6,75 kilometr məsafə qət edib.
Beləliklə, “Barselona”ya qarşı məhsuldar ötürmə ilə yadda qalan Leao fərdi statistik göstəricilərinə və meydandakı ümumi fəaliyyətinə görə müzakirələrin mərkəzinə düşüb.
