Ramazan ayında imsak yeməyinin atlanması yalnız aclığı uzatmır, həm də bədənin enerji üçün zülal parçalama riskini artırır.
Referans Media xəbər verir ki, Qidalanma və Dietetika kafedrasının müəllimi Xədicə Nursəda Xatunoğlu imsakın metabolizmaya təsiri və imsaka qalxa bilməyənlər üçün vacib tövsiyələr açıqlayıb.
İmsak – gün boyu aclığa hazırlıq yeməyi
Xədicə Nursəda Xatunoğlu imsakın gün boyu davam edəcək uzun aclığa bədəni hazırlayan əsas yemək olduğunu vurğulayıb: “İmsakda qəbul edilən zülal, lif, sağlam yağlar və kifayət qədər maye qan şəkərinin sabit qalmasına kömək edir. Bu sayədə gün ərzində ani aclıq hissi, yorğunluq, baş gicəllənməsi və diqqət dağınıqlığı daha az olur.”
İmsaka qalxmamaq aclığı ciddi uzadır
İmsaka qalxmamanın təsirlərinə diqqət çəkən mütəxəssis qeyd edib: “İmsak yeməyi atlandıqda aclıq müddəti ciddi şəkildə artır. Bu, qan şəkərində ani enmələrə, gün ərzində tez yorulmağa və konsentrasiya itkilərinə səbəb olur. Uzun müddətli aclıq xüsusilə işləyən insanlarda performansın düşməsinə gətirib çıxara bilər.”
Zülal çatışmazlığı əzələ itkisinə səbəb olur
İmsakın metabolizmaya təsirini izah edən Nursəda Xatunoğlu əlavə edib: “İmsak edilmədikdə bədən enerji ehtiyacını ödəmək üçün zülal parçalayır. Bu isə, kifayət qədər protein alınmadıqda, əzələ itkisi riskini artırır. İmsakda proteinli qidaların olması əzələ toxumasının qorunmasına və metabolizmanın gün boyu daha balanslı işləməsinə kömək edir.”
Sadəcə iftarda su içmək kifayət deyil
Mütəxəssis həmçinin maye qəbulunun əhəmiyyətinə diqqət çəkib: “Yalnız iftarda su içmək gün ərzində itirilən mayeni tam bərpa etməyə yetmir. İmsakda maye qəbul etmək, gün boyunca susuzluqdan yaranan baş ağrısı və halsızlık riskini azaldır.”
Doğru planlanan imsak mədəni qoruyur
İmsakın mədəyə zərər verdiyi inancına da aydınlıq gətirən Nursəda Xatunoğlu deyib: “Doğru planlanmış imsak mədəni yormur, əksinə qoruyur. Yağlı, ədviyyatlı və çox duzlu qidalardan uzaq durmaq mədə turşusunun balansını saxlayır. Yüngül, amma qidalı imsak uzun aclığa qarşı mədəni daha dayanıqlı edir.”
İmsaka qalxa bilməyənlər nə etməli?
İmsaka qalxa bilməyənlər üçün tövsiyələr də təqdim olunub: “Bu halda iftarda daha diqqətli qidalanmaq lazımdır. İftara su və ya az miqdarda şorba ilə başlamaq, sonra əsas yeməkdə protein, tərəvəz və kompleks karbohidratlara üstünlük vermək məsləhətdir. İftardan bir neçə saat sonra isə kiçik, balanslı ara yemək planlaşdırmaq imsakın əskikliyini kompensasiya etməyə kömək edə bilər.”























