İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi!

ABŞ kəşfiyyat qurumları hesab edir ki, son qarşıdurmalar İranın əlində nüvə silahından daha təsirli bir geosiyasi rıçaq - Hörmüz boğazını istənilən vaxt bağlamaq imkanı yaradb.

Referans Media  xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonda aparılan qiymətləndirmələr göstərir ki, Tehran artıq qlobal enerji bazarına və dünya iqtisadiyyatına ciddi təsir göstərə biləcək bu imkanın gücünü tam şəkildə dərk edib.

Telekanalın mənbələrindən biri vəziyyəti belə xarakterizə edib:

“Biz faktiki olaraq Hörmüz boğazına nəzarəti İranın əlinə vermişik. Bu, nüvə bombasından daha güclü silahdır”.

Mənbələrin sözlərinə görə, ABŞ-la yaşanan qarşıdurma İran rəhbərliyinin strateji düşüncəsini dəyişib. Tehran boğazın bağlanmasının, eləcə də Fars körfəzi ölkələrinə zərbələr endirilməsinin böyük resurslar tələb etmədən ciddi nəticələr yaratdığını görüb.

Bildirilir ki, İranın Hörmüz boğazını bağlamaq qərarından sonra ABŞ kəşfiyyatı Tehranın gələcəkdə bu vasitədən hansı hallarda istifadə edə biləcəyini davamlı şəkildə təhlil edir.

Amerikalı rəsmilər hesab edirlər ki, belə bir ssenarinin təkrarlanması ABŞ üçün ciddi problemlər yarada bilər, çünki boğazın yenidən açılması böyük hərbi qüvvələrin cəlb olunmasını tələb edir.
CNN-in məlumatına görə, İran həmçinin Fars körfəzi ölkələrinə qarşı zərbələrin effektivliyini gördüyündən, gələcəkdə bu taktikadan da istifadə edə bilər.
 

Mənbələr əlavə ediblər ki, Tehran husilərin imkanlarından istifadə etməklə Bab əl-Məndəb boğazına təsir göstərmək potensialını da qiymətləndirib. Bununla belə, İran rəhbərliyinin yaxın dövrdə belə addım atmaq niyyətində olmadığı, ABŞ-la nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə etməyə çalışdığı bildirilir.

Eyni zamanda, CNN-ə danışan ABŞ administrasiyasının nümayəndələrindən biri hesab edir ki, İran gələcəkdə Hörmüz boğazını bağlamağa çalışmayacaq. Onun sözlərinə görə, belə bir addım Tehranı Vaşinqtonla əldə olunmuş çərçivə sazişinin üstünlüklərindən məhrum edə bilər.

Digər amerikalı rəsmi isə vurğulayıb ki, İranın boğazdan təzyiq vasitəsi kimi istifadə etməsi Çin və Fars körfəzi ölkələrinin narazılığına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki