İngiltərədə 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Böyük Britaniya hökuməti uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirmək məqsədilə mühüm addım atmağa hazırlaşır. Baş nazir Kir Starmer 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişinin qadağan ediləcəyini açıqlayıb.

Starmer Baş nazirlik ofisində keçirdiyi mətbuat konfransında bildirib ki, qanunun bu il qəbul edilməsi, qadağanın isə gələn ilin əvvəlindən qüvvəyə minməsi planlaşdırılır.

Onun sözlərinə görə, sosial şəbəkələr uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərir, onları təhlükəli məzmunlarla qarşılaşdırır və asılılıq yaradır.

"Sosial media uşaqları bədbəxt edir, onların zehni sağlamlığına zərər vurur və təhlükəli məzmunlara məruz qalmasına səbəb olur", – deyə Starmer vurğulayıb.

Baş nazir qeyd edib ki, qadağa uşaqlara deyil, platformalara tətbiq olunacaq. Sosial şəbəkə şirkətləri 16 yaşdan kiçik istifadəçilərin girişinin qarşısını almağa borclu olacaqlar.

Bildirilib ki, VPN kimi qadağanı aşmağa imkan verən tətbiqlər də məhdudiyyətlərə daxil ediləcək. Bununla belə, uşaqlar üçün nəzərdə tutulan YouTube Kids və Google Classroom kimi təhsil və təhlükəsiz platformalara qadağa tətbiq olunmayacaq.

Starmer əlavə edib ki, hökumət bu məsələdə Avstraliyanın təcrübəsindən yararlanacaq və məqsəd uşaqların ifadə azadlığını məhdudlaşdırmaq deyil, onların təhlükəsizliyini təmin etməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki