İpoteka qaydaları dəyişdi – Ev almaq istəyənlər OXUSUN!

İpoteka qaydaları dəyişdi – Ev almaq istəyənlər OXUSUN!

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin qaydalarına dəyişiklik edilib. Yeniliklərdən biri müraciət zamanı “SİMA İmza”nın üz tanıma texnologiyasının tətbiqi, digəri isə satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə edən şəxslərin ipoteka kreditindən yararlanması ilə bağlıdır.

Dəyişikliklərin məqsədi müraciət prosesini şəffaflaşdırmaq və mümkün sui-istifadə hallarının qarşısını almaqdır.

Bəs yeni qaydalar kimlərə şamil olunur? Üz tanıma texnologiyası ipoteka müraciətlərindəki problemləri aradan qaldıracaqmı? Bu dəyişikliklər vətəndaşların mənzil əldə etmək imkanlarını genişləndirəcək, yoxsa əlavə çətinliklər yaradacaq?

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə dəyişikliklər iki əsas məsələni əhatə edir: “Müraciət zamanı şəxsiyyətin üz tanıma texnologiyası ilə təsdiqlənməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə edən şəxslərin ipoteka imkanlarının dəqiqləşdirilməsi. İpoteka və Kredit Zəmanət Fondunun 28 oktyabr 2026-cı il tarixli məlumatına görə, məqsəd müraciət prosesini şəffaflaşdırmaq, kənar müdaxilə və sui-istifadə risklərini azaltmaqdır.

Yeni qaydaya əsasən, Fondla qüvvədə olan satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs ipoteka kreditində əsas borcalan kimi çıxış edə bilər. Bu, həmin mexanizmdən istifadə edən şəxsin özü ilə yanaşı, ailə üzvlərinin və ya digər şəxslərin də mənzil əldə etmək imkanlarının qiymətləndirilməsində əhəmiyyət daşıya bilər. Burada əsas məqam qüvvədə olan kirayə müqaviləsinin kimin adına olmasıdır.

SİMA İmza vasitəsilə üz tanımanın tətbiqi müraciəti məhz vətəndaşın özünün təsdiqləməsinə, başqasının onun adından sistemə daxil olması və xüsusi proqramlarla üstünlük əldə etməsi risklərinin azaldılmasına xidmət edir. Lakin biometrik yoxlama bütün problemləri avtomatik həll etmir. Sistem texniki cəhətdən dayanıqlı işləməli, şəxsiyyət məlumatları qorunmalı və üz tanıma zamanı çətinlik yaşayan vətəndaşlar üçün əlçatan dəstək mexanizmi olmalıdır”.

Ekspert qeyd edib ki, bu dəyişikliklərin mənzil əldə etmək imkanlarını nə dərəcədə genişləndirəcəyi isə yalnız müraciət prosedurundan asılı deyil: "İpoteka üçün ayrılan vəsait, mənzillərin qiyməti, ilkin ödəniş tələbi, kredit faizləri və vətəndaşların gəlirləri də həlledici amillərdir. Buna görə yeni qaydalar müraciətlərdə şəffaflığı və bərabərliyi artıra bilər, amma mənzilə əlçatanlıq problemini təkbaşına həll etməyəcək”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki