İran hücuma keçdi – ABŞ səfirliyi vuruldu, İsrail cavab verdi

ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma 18-ci günündə daha da şiddətlənib. Gecə saatlarında tərəflər arasında qarşılıqlı hücumlar qeydə alınıb və regionda gərginlik pik həddə çatıb.

Referans Media xəbər verir ki, İran İraqın paytaxtı Bağdad şəhərində yerləşən ABŞ səfirliyinə çoxsaylı raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Bu, müharibə başlayandan bəri səfirliyə edilən ən intensiv hücum kimi qiymətləndirilir. Hava hücumundan müdafiə sistemlərinin əksər hədəfləri zərərsizləşdirdiyi bildirilsə də, ən azı bir pilotsuz aparatın səfirlik ərazisinə düşdüyü qeyd olunur.

Hadisədən qısa müddət sonra İsrail tərəfindən cavab zərbələri endirilib. İsrail ordusu Tehran şəhərindəki hərbi və strateji obyektləri, eləcə də Beyrut yaxınlığında yerləşən “Hizbullah”a məxsus infrastruktur obyektlərini hədəfə aldığını açıqlayıb. Hücumlar nəticəsində güclü partlayışların baş verdiyi və bəzi ərazilərdə yanğınların qeydə alındığı bildirilir.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu “Əsl Vəd 4” əməliyyatının 57-ci dalğasının tamamlandığını elan edib. Açıqlamada İsraildəki hərbi obyektlərə və Qətər ərazisində yerləşən “Əl-Udeyd” hərbi bazasına raket zərbələri endirildiyi qeyd olunub.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) fevralın 28-dən etibarən həyata keçirilən əməliyyatlar çərçivəsində İranda 7 mindən çox hədəfin vurulduğunu açıqlayıb. Məlumata əsasən, minlərlə uçuş həyata keçirilib, İranın hərbi infrastrukturuna və dəniz qüvvələrinə ciddi ziyan vurulub.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq İran da regiondakı ABŞ hərbi bazalarına və müttəfiq obyektlərə zərbələr endirir. Artan qarşıdurma Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirir və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki