İsrailin atəşkəsi ilk gündən pozması və Livana son dövrün ən genişmiqyaslı hava hücumunu həyata keçirməsi sonrası İran güclü qarşılıq verib. Tehran, İsrailin atəşkəsi pozmasını əsas gətirərək strateji əhəmiyyətli Hörmüz Boğazından neft tankerlərinin keçidini dayandırıb.
Referans Media xəbər verir ki, İsrailin əməliyyatları Livan üzrə bir çox bölgəni hədəf alıb, ölkədə ciddi dağıntılar yaradıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hücumlarında onlarla nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
İran tərəfi sərt mesaj verərək ordu bölmələrini ən yüksək alarm səviyyəsinə gətirib və İsrailə qarşı hərbi hazırlıqlarını gücləndirib. Hörmüz Boğazının bağlanması, İranın müharibədəki ən güclü kozırlarından biri olaraq qiymətləndirilir.
Bölgədə gərginliyi artıran digər bir faktor isə ABŞ Prezidenti Donald Trampın açıqlamaları olub. Tramp, “Livan razılaşmaya daxil deyil. Hizbullah məsələsi də həll ediləcək” deyərək gərginliyi daha da yüksəldib.























