İran Prezidenti Məsud Pezeşkian ölkə lideri Ayətullah Əli Xameneiyə qarşı hər hansı bir hücumun İran xalqına qarşı müharibə mənasına gələcəyini açıqlayıb.
Referans Media xəbər verir ki, Pezeşkian sosial mediada paylaşdığı mesajında bildirib ki, ABŞ və müttəfiqlərinin uzunmüddətli düşmənliyi və insanlıq əleyhinə sanksiyaları İran xalqının həyatında çətinliklər və iqtisadi sıxıntıların başlıca səbəblərindən biridir. O qeyd edib: “Liderimizə yönələn hər bir hücum, xalqımıza qarşı savaş deməkdir.”
Bundan əlavə, Prezident ölkədə internetə çıxışın məhdudlaşdırılması ilə bağlı məsələyə də toxunub. Pezeşkian bildirib ki, kommunikasiya və internet mərkəzli işlərin asanlaşdırılması üçün məhdudiyyətlər ən qısa zamanda aradan qaldırılmalıdır. Bu məqsədlə İran Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Laricaniyə tövsiyələr verilib.
O, eyni zamanda, İran daxilində keçirilən etirazlarla bağlı həbs olunan şəxslərin işlərinə ədalətli və diqqətli yanaşılmasının vacibliyini vurğulayıb: “Terror fəaliyyətlərinə qarışmamış şəxslərə İslami mərhəmətlə yanaşılmalı, lakin liderliy edən və terrora cəlb olunanlara qarşı heç bir güzəşt edilməməlidir.”
