İran davam edən hərbi təlim çərçivəsində bu gün təhlükəsizlik səbəbilə Hörmüz boğazının bir hissəsinin bir neçə saatlıq bağlanacağını açıqlayıb.
Referans Media xəbər verir ki, İran dövlət televiziyasının məlumatına əsasən, İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazı və Fars körfəzində keçirdiyi hərbi təlimlərin əsas mərhələsi başlayıb.
Məlumata görə, təlim çərçivəsində boğazın bir hissəsi təhlükəsizlik məqsədilə bir neçə saat bağlanacaq.
ABŞ administrasiyasının İrana qarşı hücum təhdidləri fonunda və Tehranla danışıqlar prosesinə baxmayaraq son həftələrdə bölgədə hərbi mövcudluğunu artıraraq əlavə dəniz qüvvələri yerləşdirməsindən sonra İran dünən Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik təhdidlərinə qarşı hərbi təlimlərə başladığını elan etmişdi.
Bildirilib ki, təlimlər zamanı İnqilab Keşikçiləri Korpusu dənizdən gələ biləcək mümkün təhdidlərə sürətli, qətiyyətli və genişmiqyaslı cavab tədbirlərinə fokuslanıb.
Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi strateji su yolu hesab olunur. İran daha əvvəl ABŞ ilə mümkün müharibə halında boğazı bağlaya biləcəyini bəyan etmişdi.
