İranın bərpası üçün 300 milyard dollarlıq fond yaradılır

İranın müharibədən sonra yenidən qurulması məqsədilə yaradılması planlaşdırılan 300 milyard dollarlıq investisiya fondunun maliyyə mənbələri məlum olub.

Referans Media  bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, fond ABŞ, Fars körfəzi ölkələri, Cənub-Şərqi Asiya və digər regionlardan olan özəl şirkətlərin vəsaiti hesabına formalaşdırılacaq.

 Bildirilir ki, fondun əsas məqsədi İranın enerji, logistika, istehsal və nəqliyyat sektorlarına investisiyaların cəlb edilməsidir. Layihə təzminat proqramı deyil, özəl investisiya mexanizmi kimi fəaliyyət göstərəcək.

 ABŞ-nin vitse-prezidenti Cey Di Vens daha əvvəl bəyan etmişdi ki, fond ABŞ hökumətinin vəsaiti hesabına maliyyələşdirilməyəcək. Onun sözlərinə görə, İran yalnız Vaşinqtonla əldə olunacaq razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda bu vəsaitlərdən yararlana biləcək.

 “İnsanlar milyardlarla dollar dəyərində aktivlərin dondurulmadan çıxarılacağını deyirlər. Bu, doğru deyil”, – deyə Vens vurğulayıb.

 Bundan əvvəl İran tərəfi ABŞ ilə mümkün sülh sazişinin 14 maddədən ibarət olduğunu açıqlamışdı. Mehr agentliyinin məlumatına əsasən, həmin maddələrdən biri İranın bloklanmış vəsaitlərindən 24 milyard dolların yekun danışıqların 60 günlük mərhələsi ərzində azad edilməsini nəzərdə tutur. Bu məbləğin yarısının danışıqlar başlamazdan əvvəl Tehrana təqdim olunacağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki