Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda yerləşən və İsrail Konsulluğunun da fəaliyyət göstərdiyi plaza qarşısında silahlı hücum baş verib. Hadisə nəticəsində üç silahlı şəxs zərərsizləşdirilib, beş nəfər isə saxlanılıb.
Referans Media xəbər verir ki, hadisə günorta saatlarında “Yapı Kredi Plaza” qarşısında baş verib. Uzun lüləli silahlarla gələn üç hücumçu polis postuna atəş açıb. Polis əməkdaşlarının cavab tədbirləri nəticəsində baş verən atışma zamanı hücumçulardan biri öldürülüb, digər iki nəfər isə yaralı halda saxlanılıb. Qarşıdurma zamanı iki polis əməkdaşı da yüngül xəsarət alıb.
Araşdırmalar zamanı hadisə ilə əlaqəli olduğu ehtimal edilən daha üç nəfər saxlanılıb. Beləliklə, saxlanılanların ümumi sayı beş nəfərə çatıb.
İstintaq zamanı məlum olub ki, hücumçular İzmit şəhərindən kirayə götürdükləri avtomobillə İstanbula gəliblər. Hadisə yerində istifadə olunan iki avtomobil hüquq-mühafizə orqanları tərəfindən ekspertizaya cəlb olunub.
Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, öldürülən şəxsin dini motivləri istismar edən terror təşkilatı ilə əlaqəsinin olduğu müəyyən edilib. Yaralı vəziyyətdə saxlanılan digər iki hücumçunun isə qardaş olduqları bildirilib.
Hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb. Rəsmi qurumlar hücumun bütün təfərrüatlarının araşdırıldığını və məsələ ilə bağlı əməliyyat tədbirlərinin davam etdiyini bildiriblər.























