İsrail Livana qarşı hücumlardan sonra işğalı rəsmi şəkildə elan edib. İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, İsrail sərhəddinə yaxın yerləşən Livan kənd və qəsəbələrindəki bütün evlər dağıdılacaq.
Referans Media bildirir ki, İsrailin müdafiə naziri İsrael Katz Livanın cənubunda davam edən quru əməliyyatları fonunda bu bölgəni işğal altında saxlayacaqlarını açıqlayıb.
Katz Livanda həyata keçirdikləri quru hücumları ilə bağlı açıqlamasında qeyd edib ki, İsrail sərhəddinə yaxın kənd və qəsəbələrdəki bütün evlər məhv ediləcək.
O bildirib ki, İsrail ordusu Livanın cənubunda mövqe tutaraq işğalı davam etdirəcək və Litani çayına qədər olan əraziyə nəzarət edəcək.
Katz vurğulayıb ki, Livanın cənubundan köçkün düşmüş 600 mindən çox sakinin geri qayıtmasına icazə verilməyəcək. O əlavə edib ki, sərhəd bölgələrində Qəzza zolağında həyata keçirilən dağıntılara bənzər addımlar atılacaq.
Nazir həmçinin İsrail ordusunun Rafah və Beit Hanoun şəhərlərində apardığı əməliyyatların Livan sərhədində də tətbiq ediləcəyini bildirib.
