image-esref-ruya-nin-kadir-baba-si-gorkem-sevindik-e-destek-yagdi-19730279_7382_ampbackend

İsrailli nazirdən türk aktyora təhdid – siyasət birləşdi

Türkiyədə məşhur serial aktyorunun paylaşımı siyasi gündəmdə geniş rezonans doğurub. İsrailli nazirin təhdid etdiyi aktyora müxtəlif siyasi partiyalardan dəstək mesajları gəlib.

Referans Media xəbər verir ki, Türkiyənin məşhur seriallarından olan “Eşref Rüya”da “Kadir Baba” obrazını canlandıran aktyor Görkem Sevindik İsraildə fələstinli məhbuslara ölüm hökmünün verilməsini asanlaşdıran qanuna etiraz etdiyi üçün hədəfə çevrilib. Aktyorun paylaşımından sonra İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən təhdid edildiyi bildirilir.

Mışhur aktyor sosial şəbəkədə etdiyi paylaşımda İsraildə qəbul edilən qanunun minlərlə fələstinli məhbusun edam edilməsinə yol aça biləcəyini bildirərək “Zəhmət olmasa susmayaq” çağırışı edib. Bu paylaşım İsraildə geniş müzakirələrə səbəb olub və aktyorun ünvanına çoxsaylı təhdid mesajları göndərilib.

Türkiyə siyasətindən aktyora dəstək

Hadisədən sonra Türkiyədə fərqli siyasi düşərgələrdən olan siyasətçilər aktyora dəstək veriblər.

AK Partinin qrup sədr müavini Bahadır Yenişehirlioğlu bildirib ki, bir sənətçini hədəfə almaq qorxu və acizliyin göstəricisidir. O, Sevindikin İsrail siyasətinə qarşı səssiz qalmamasını alqışladığını vurğulayıb.

AK Partinin Bursa millət vəkili Mustafa Varank isə sənətçinin “vicdanlı və cəsarətli mövqe” sərgilədiyini qeyd edərək onun yanında olduqlarını bildirib.

CHP-nin sədr müavini Burhanettin Bulut isə İsrailli nazirin təhdidlərini sərt tənqid edib. Onun sözlərinə görə, bu cür açıqlamalar İsrail siyasətinə qarşı çıxanları susdurmaq cəhdidir.

İYİ Partinin sədr müavini Hüseyin Raşit Yılmaz da Sevindikin mövqeyini yüksək qiymətləndirərək bildirib ki, zülmə qarşı çıxmaq hər bir insanın vəzifəsidir.

Məlumata görə, Görkem Sevindik İsraildə fələstinli məhbuslara ölüm hökmünün tətbiqini asanlaşdıran qanun layihəsinə etiraz etdikdən sonra hədəfə çevrilib. İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir paylaşdığı videoda “terrorçular üçün artıq ölüm cəzası qüvvədədir” deyərək aktyoru dolayı şəkildə hədəf göstərib.

Bu hadisə Türkiyədə nadir hallarda rast gəlinən bir mənzərə yaradıb: müxtəlif siyasi partiyalar eyni mövqedən çıxış edərək aktyora açıq şəkildə dəstək veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki