İşsizlik bütün dövlətlər üçün aktual, gündəlik nəzarətdə olan məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir. Həmin agentlik tərəfindən işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxslərə münasibətdə aktiv məşğulluq tədbirlərinin tətbiqi həyata keçirilir.
Referans Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində danışıb.
Nazir bildirib ki, 2018-2026-cı illərdə aparılan tədbirlər nəticəsində 2,3 milyon vətəndaş müxtəlif aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 900 minə yaxın şəxsin işə düzəlməsinə köməklik göstərilib, 60 minə yaxın şəxsin isə peşə hazırlığı kurslarına istiqamətləndirilib. 112 min şəxsin kiçik ailə təsərrüfatının yaradılmasına, mikrobiznesinin təşkilinə dəstək göstərilib.
“Digər bir istiqamət isə Dünya Bankı ilə birlikdə həyata keçirilən işsiz şəxslərin özünüməşğulluğunun dəstəklənməsi proqramıdır. Biz artıq bu proqramın birinci fazasını başa çatdırmışıq. Hardasa, 26-27 minə yaxın şəxsin istehsal xidməti istiqaməti üzrə özünüməşğulluğunu Dünya Bankının proqramı çərçivəsində həyata keçirmişik. Dövlət başçısının tapşırığı əsasında 2025–2030-cu illəri əhatə edən “Məşğulluğa dəstək layihəsi 2” proqramı da Dünya Bankı ilə birgə davam etdiriləcək. Bu çərçivədə daha 30 min işsiz şəxsin özünüməşğulluğunun təşklinə dəstək göstərəcəyik”, – Anar Əliyev əlavə edib.























