İstanbulda Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində tanınmış jurnalist Mirgün Sırrı Cabas haqqında da qərar verilib.
Referans Media xəbər verir ki, ümumilikdə 25 nəfər barəsində aparılan istintaq üzrə 14 nəfər saxlanılıb, 11 nəfər barəsində isə həbs qərarı çıxarılıb.
Siyahıda adı keçən şəxslər arasında Mirgün Sırrı Cabasın da olması diqqət çəkib. Məlumata görə, əməliyyat İstanbul və Muğla şəhərlərində eyni vaxtda həyata keçirilib.
Həmin gün sosial media hesabından açıqlama verən Cabas isə atasının vəfat etdiyini bildirib və hazırda dəfn mərasimi üçün İzmir şəhərində olduğunu qeyd edib.
Cabas açıqlamasında bunları deyib: “Bu səhər adımın bir istintaqda keçdiyini mətbuatdan öyrəndim. Dünən atamı itirdim, hazırda İzmirə dəfn üçün gəlmişəm. Vəkillərim hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır. Məlumat əldə etdikdən sonra lazımi addımları atacağıq.”
İstintaqın davam etdiyi, proses çərçivəsində yeni inkişafların ola biləcəyi bildirilir.
