Kapadokiyada Qastronomiya Festivalı BAŞLAYIR

Sabahdan Türkiyənin Kapadokiya bölgəsində Kapadokiya Qastronomiya Festivalı başlayır. 

Referans MEDİA Korrekt.az-a istinadən xəbər verir ki, festival 15-16 may tarixlərində olacaq.

Nevşehir Valiliyinin himayəsi və Kapadokiya Universitetinin ev sahibliyi ilə baş tutacaq festival bu il beşinci dəfə keçirilir. Tədbir Mustafapaşa qəsəbəsində açıq hava şəraitində reallaşdırılacaq.

“Yerli İrs, Ulduzlu Süfrələr” mövzusu ilə keçiriləcək festival Kapadokiyanın qədim kulinariya ənənələrini və yerli istehsal mədəniyyətini ziyarətçilərə təqdim edəcək.

Qeyd edək ki, Mustafapaşa 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı tərəfindən “Dünyanın ən yaxşı turizm kəndlərindən biri” seçilib.

İki gün davam edəcək festival çərçivəsində yerli istehsalçılar bazarı, kulinariya stendləri, ustad dərsləri, qastronomiya səhnəsi, yemək müsabiqələri və digər tədbirlər təşkil olunacaq. Ziyarətçilər həm yerli məhsullarla tanış olacaq, həm də tanınmış aşpazların hazırladığı yeməklərin dadına baxmaq imkanı əldə edəcəklər.

Festival proqramına həmçinin musiqili çıxışlar, seminarlar və müxtəlif mədəni tədbirlər daxildir.

Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və bir sıra tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki