Kartla ödəniş edənlərin nəzərinə: Bu gündən yeni qaydalar qüvvəyə mindi!

Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync (xidmət haqqı tarifləri) üzrə yeni yuxarı hədlər qüvvəyə minib. Qərara əsasən, aptek və supermarketlərdə interçeync haqqının maksimum 1,25%, yanacaqdoldurma məntəqələrində 0,75%, digər ümumi kateqoriyalarda isə 1,5% səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, banklararası xidmət haqqı (interçeync) üzrə yeni limitlərin tətbiqi ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində atılmış növbəti mühüm addım kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, interçeync kartla ödəniş zamanı bir bankın digər banka ödədiyi xidmət haqqıdır. Məsələn, vətəndaş bir bankın kartı ilə başqa bankın POS-terminalında alış-veriş etdikdə, əməliyyatın emalı və infrastruktur xidmətləri üçün banklar arasında müəyyən komissiya ödənişi həyata keçirilir. Bu ödəniş birbaşa vətəndaşdan deyil, banklar və ticarət obyektləri arasında formalaşan hesablaşma mexanizminin tərkib hissəsidir.

İqtisadçı qeyd edib ki, yeni qaydaların əsas məqsədi banklar arasında hesablaşma mexanizmlərini daha balanslı etmək, sahibkarların kart qəbul etmə xərclərini azaltmaq və nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaratmaqdır.

A.İbrahimov vurğulayıb ki, aptek və supermarketlərdə interçeync haqqının maksimum 1,25%, yanacaqdoldurma məntəqələrində 0,75%, digər ümumi kateqoriyalarda isə 1,5% səviyyəsində müəyyənləşdirilməsi xüsusilə yüksək dövriyyəyə malik sektorlar üçün müsbət təsir formalaşdıracaq. Bu, ticarət və xidmət müəssisələrinin POS-terminal vasitəsilə ödəniş qəbul etmə xərclərini azaldaraq kartla ödənişlərin stimullaşdırılmasına xidmət edəcək.

Onun fikrincə, bank sektoru baxımından müəyyən komissiya gəlirlərində azalma ehtimalı mövcud olsa da, kart əməliyyatlarının sayının və ümumi dövriyyəsinin artması nəticəsində bu təsirin əhəmiyyətli hissəsinin kompensasiya olunacağı gözlənilir. Beynəlxalq təcrübə göstərir ki, aşağı xidmət haqları adətən daha çox nağdsız əməliyyat həcmi yaradır və nəticədə maliyyə ekosisteminin ümumi böyüməsinə şərait formalaşdırır.

İqtisadçı bildirib ki, vətəndaşlar üçün qərarın əsas üstünlüyü kartla ödəniş imkanlarının genişlənməsi, bəzi hallarda müşahidə olunan qeyri-rəsmi əlavə ödənişlərin azalması və rəqəmsal maliyyə xidmətlərinin daha əlçatan olması ilə bağlıdır. Bununla yanaşı, bazarda rəqabətin güclənməsi bankları yeni məhsul və xidmətlər təqdim etməyə sövq edə bilər.

“Ümumilikdə, yeni interçeync limitləri qısamüddətli dövrdə bankların gəlir strukturunda müəyyən dəyişikliklər yaratsa da, uzunmüddətli perspektivdə nağdsız ödənişlərin artmasına, maliyyə sisteminin şəffaflaşmasına və kölgə iqtisadiyyatının azalmasına müsbət təsir göstərəcək”, – deyə A.İbrahimov əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki