Kəndliyə böyük müjdə: İslahatların əhatə dairəsi genişləndirilir, istehsal artır!

Son 10 ildə aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafına müəyyən müsbət təsirlər göstərib. Subsidiyaların genişləndirilməsi, aqroparkların yaradılması, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və suvarma infrastrukturunun yaxşılaşdırılması nəticəsində bəzi məhsullar üzrə istehsal həcmləri artıb, özünütəminetmə göstəricilərində irəliləyiş əldə olunub.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, xüsusilə iri suvarma layihələri su çatışmazlığının daha kəskin olduğu bölgələrdə əkin sahələrinin qorunmasına və məhsuldarlığın yüksəlməsinə kömək edib.

Onun sözlərinə görə, buna baxmayaraq, kənd təsərrüfatının bütün problemlərinin həll olunduğunu söyləmək çətindir.
“Fermerlər hələ də su qıtlığı, istehsal xərclərinin artması, texnika və gübrə qiymətlərinin bahalaşması, məhsulların satışında çətinliklər və bazar qiymətlərindəki dəyişkənlik kimi problemlərlə üzləşirlər. Kiçik və orta fermer təsərrüfatları bəzi hallarda dövlət dəstəyi proqramlarından böyük təsərrüfatlar qədər faydalana bilmədiklərini qeyd edirlər”, – deyə o bildirib.

Akif Nəsirli qeyd edib ki, bu səbəbdən islahatların təsiri regionlara, təsərrüfatların ölçüsünə və fəaliyyət istiqamətlərinə görə fərqlənir.
“Bəzi fermerlər məhsuldarlığın və gəlirlərin artdığını hiss etsələr də, digərləri üçün gündəlik problemlər hələ də əsas narahatlıq olaraq qalır”, – deyə ekspert vurğulayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri hesab edir ki, əldə olunan nəticələri müsbət qiymətləndirməklə yanaşı, kənd təsərrüfatında mövcud struktur problemlərin tam aradan qaldırılması üçün əlavə tədbirlərə ehtiyac var.

Onun fikrincə, aqrar sahənin dayanıqlı inkişafı üçün həyata keçirilən islahatların əhatə dairəsinin genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin mövcud problemlərinin həlli istiqamətində addımların davam etdirilməsi vacibdir.


Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki