Son statistikalara görə, Azərbaycanda dünyaya gələn hər 4 körpədən 3-ü keysəriyyə əməliyyatı ilə doğulur. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalır.
Mövzu ilə bağlı cərrah mama-ginekoloq Rəxşəndə Aslanova Referans-a açıqlamasında keysəriyyə əməliyyatının zərərləri haqqında yeni faktları açıqlayıb.
“Əgər seçim ediriksə, təbii ki, ilk seçimimiz buna əks göstəriş yoxdursa, təbii vaginal doğuş olmalıdır. Bunun çox bilinən, məlum olan üstünlükləri var. Bu üstünlüklər həm ana, həm döl üçündür. Artıq təbii doğuşla və onun faydaları ilə bağlı yeni faktlar da var. Bunlar daha öncədən təxmin edilmirdi. Xüsusilə də, bu faydalar uşaqlar üçündür. Məsələn, bəziləri düşünür ki, keysəriyyə uşaq üçün də daha təhlükəsiz yoldur. Çünki bu zaman uşaq doğuş kanalından keçmir, o heç bir travma almır və s. Elə düşünürlər ki, burada uşaq xəsarət almır və gələcəkdə onun üçün heç bir sağlamlıq probleminin yaranması ehtimalı yoxdur. Amma tədqiqatlar bunu təsdiqləmir”.
Ginekoloq qeyd edib ki, təbii doğuş hər nə qədər faydalı olsa da, bu yalnız tam sağlam hamiləlik olduqda, heç bir ağırlaşmalar olmadıqda baş tuta bilər.
“Normal bir doğuşda uşağın doğuş kanalından keçərkən yaşadığı stress onun üçün faydalı stressdir və uşağın da qaldıra biləcəyi stressdir. Eləcə də uşağın doğum kanalından keçərək dünyaya gəlməsi onun üçün sağlamlıq baxımından daha faydalıdır. Uşaq doğuş kanalından keçdikdə müəyyən sıxılmalar yaşayır. Bu sıxılmalar nəticəsində müəyyən hormonlar ifraz olunur, ağciyərlərdənki lazımsız maye atılır. Hansı ki bu baş vermədikdə bir müddət sonra körpədə tahipnoya – təngənəfəslik yaranır. Təbii doğuşda bunun yaranma ehtimalı 1 faizdirsə, keysəriyyədə 3-6 faizdir. Səbəb keysəriyyə əməliyyatı zamanı isə körpə bu suyu ciyərlərindən ata bilməməsidir”.
Rəxşəndə Aslanova qeyd edib ki, doğuş zamanı yavaş-yavaş başlayan sancı prosesi uşağı yüngül stresə salır, uşaq bu stresə adapte olur və kuliminasiya doğuşla bitir. Amma keysəriyyədə heç bir şeydən xəbəri olmayan uşaq anidən daha böyük streslə qarşılaşır və o nə olduğunu anlamadığına görə daha çox stresə məruz qalır.
Ginekoloq son olaraq vurğulayıb ki, keysəriyyə yolu ilə dünyaya gələn körpələr müəyyən mikrofloraya məruz qalmadıqları üçün gələcəkdə onların astma, diabet, leykoz və alergiya xəstəliklərinə daha çox yoluxma riski var.
Fidan Vəlisoy
