image-kitap-2407972backend

Kitablara dönüş: İsveç məktəbləri rəqəmsal təhsildən imtina edir

İsveç hökuməti məktəblərdə planşet və kompüter istifadəsini azaldaraq fiziki kitab, kağız və qələmə qayıdışı əsas götürən yeni təhsil siyasəti həyata keçirir.

Təhsil səviyyəsindəki enişin qarşısını almağı hədəfləyən bu yanaşma xüsusilə azyaşlı uşaqlarda ekran istifadəsinin tam dayandırılmasını nəzərdə tutur və “ekrandan kağıza” prinsipi ilə tətbiq olunur.

Hökumət 2019-cu ildən tətbiq olunan məktəbəqədər rəqəmsal təhsil tələblərini ləğv edib, eyni zamanda iki yaşdan kiçik uşaqlara planşet verilməsini qadağan edib.

Məktəblərə dərsliklərin alınması üçün təxminən 200 milyon dollar vəsait ayrılıb. Bundan əlavə, təhsil məqsədli istifadə də daxil olmaqla mobil telefonların məktəblərdə tam qadağan olunmasına qərar verilib.

Neyroalimlər bildirirlər ki, ekranlar dərs zamanı diqqətin yayınmasına səbəb olur və rəqəmsal cihazlardan oxuma məlumatın qavranılmasını çətinləşdirir. Bu səbəbdən onlar bu qərarı dəstəkləyirlər.

Digər tərəfdən, bəzi təhsil mütəxəssisləri və biznes nümayəndələri bu addımın şagirdləri gələcəyin rəqəmsal əmək bazarına hazırlıqsız qoya biləcəyindən narahatdır.

Həmçinin xəbərdarlıq edilir ki, texnologiya sahəsində inkişaf etmiş İsveç üçün rəqəmsal bacarıqların azalması müəyyən risklər yarada bilər.

OECD rəsmiləri isə bildirir ki, texnologiyanın dərslərə plansız şəkildə daxil edilməsi İsveçin PISA nəticələrinin aşağı düşməsinə səbəb ola bilər. Bununla yanaşı, rəqəmsal vasitələrdən tam imtina deyil, balanslı istifadə daha məqsədəuyğun hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki