Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində, Pan-Amerikan magistral yolunda dəhşətli terror aktı törədilib.
Referans Media-nın BBC-yə istinadən yaydığı məlumata görə, magistral yolda hərəkətdə olan sərnişin avtobusuna yerləşdirilmiş bombanın partlaması nəticəsində 14 nəfər həlak olub.
Qeyd olunub ki, hadisə nəticəsində daha 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq ətraf xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Kolumbiya Prezidenti Qustavo Petro hücuma görə “Jaime Martinez” qrupunun solçu üsyançılarını günahlandırıb. “Jaime Martinez” qrupu 50 ildən artıq hökumətə qarşı silahlı mübarizə aparan FARC-ın (Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) keçmiş döyüşçülərindən ibarət radikal təşkilatdır.
Açıqlamada qeyd edilib ki, 2016-cı ildə FARC tərksilah olunaraq leqal siyasi partiyaya çevrilsə də, bəzi üzvlər silahı yerə qoymaqdan imtina edərək fəaliyyətlərini kiçik qruplar şəklində davam etdirirlər.
Bildirilib ki, Kolumbiyada prezident seçkilərinin 31 may tarixinə planlaşdırılması fonunda radikal qruplar ölkə daxilində hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.




















