Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib
“Referans” xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub:
“Sənədsiz evlərlə bağlı məsələdə obyektiv və subyektiv səbəblər var. Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri ondan ibarətdir ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir.
Çünki onlar bələdiyyələrə, əmlak, torpaq vergisi vermirlər və bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir, amma bunun üçün də 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir.
Digər tərəfdən bu evlərin bir hissəsi neft ərazisində tikilib, bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub verə ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digərləri var ki, yüksək qaz xəttlərinin altında tikiblər, dəmiryolu kənarında tikiblər.
Torpaqların kateqoriyaları dəyişməlidir, yenilənməlidir. Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar. O baxımdan, çalışırıq ki, bu məsələnin həlli üçün komitə olaraq, nə bacarırıqsa, köməklik edək”./Report/