Kongo Demokratik Respublikasının cənub-şərqində yerləşən Kakanda mədən bölgəsində baş verən uçqun nəticəsində azı 12 mədən işçisi həlak olub.
Məlumata görə, Kakanda yaxınlığında yerləşən “Safi” adlı kobalt mədənində işçilər çalışarkən ocağın üzərindəki torpaq və qum kütləsi çöküb. Uçqun altında qalan 12 işçinin meyiti tapılıb, ərazidə axtarış-xilasetmə işləri davam edir.
Bildirilir ki, son günlər bölgədə yağan güclü yağışlar torpağın zəifləməsinə və uçquna səbəb ola bilər. Ölkədə mədənlərin bir çoxunun nəzarətsiz fəaliyyət göstərməsi və təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən belə hadisələr tez-tez baş verir.
Xatırladaq ki, ölkənin şərqində yerləşən Rubaya mədən sahəsində martın 3-də baş verən torpaq sürüşməsi nəticəsində 200-dən çox insan həyatını itirmişdi.
