Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı Rusiyaya bir sıra təkliflər təqdim edib. Lakin hazırda bu məsələ ilə əlaqədar Moskva ilə Ankara arasında konkret danışıqlar aparılmır.
Referans Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Qara dənizdə təhlükəsizlik məsələsi Türkiyə və Ukrayna da daxil olmaqla bir sıra ölkələr tərəfindən gündəmdə saxlanılır.
O qeyd edib ki, Rusiya tərəfi Qara dəniz akvatoriyasında təhlükəsizliyin təmin olunmasını kompleks yanaşma tələb edən məsələ kimi qiymətləndirir. Onun sözlərinə görə, problemin ayrı-ayrı istiqamətlərinin həlli ilə Qara dənizdə təhlükəsizlik məsələsini tam aradan qaldırmaq mümkün deyil.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qara dənizdə təhlükəsiz gəmiçiliyin və taxıl dəhlizinin bərpası ilə bağlı Ankaranın diplomatik səylərini intensivləşdirdiyini açıqlayıb./Publika.az
