Dünyada genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) istifadəsi və istehlakı sürətlə artır. Lakin GMO-lu məhsulların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı müzakirələr hələ də davam edir. Bəs bu məhsullar həqiqətən təhlükəlidirmi, yoxsa narahatlıqlar elmi əsaslardan daha çox ictimai narahatlıqlara söykənir?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, GMO (Genetik Modifikasiya Olunmuş Orqanizmlər) mövzusu uzun illərdir müzakirə olunur.
Onun sözlərinə görə, hazırda beynəlxalq elmi qurumların əksəriyyəti hesab edir ki, təhlükəsizlik qiymətləndirilməsindən keçmiş GMO məhsullarının istehlakı insan sağlamlığı üçün sübut olunmuş ciddi risk yaratmır. Bununla belə, hər bir GMO məhsulu ayrıca qiymətləndirilməli və uzunmüddətli monitorinq aparılmalıdır.
Qida mütəxəssisi qeyd edib ki, ətraf mühit baxımından GMO texnologiyasının həm üstünlükləri, həm də müəyyən riskləri mövcuddur.
“Bəzi GMO bitkiləri zərərvericilərə qarşı daha davamlı olduğundan pestisid istifadəsini azalda bilir. Digər tərəfdən, genetik materialın təbiətdə yayılması, bioloji müxtəlifliyə təsir və alaq otlarında davamlılığın formalaşması kimi məsələlər daim nəzarətdə saxlanılmalıdır”, – deyə o vurğulayıb.
F.Səfərov istehlakçılara məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumağı tövsiyə edib:
“İstehlakçılar məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumalı, GMO barədə qeyd və ya sertifikatlaşdırma məlumatlarına diqqət yetirməlidirlər. Bir çox ölkədə GMO tərkibli məhsullar xüsusi şəkildə işarələnir. Həmçinin məhsulun mənşəyi, istehsalçısı və keyfiyyətə nəzarət sistemləri barədə məlumatlar da seçim zamanı nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, ümumilikdə GMO-ların insan sağlamlığına zərəri ilə bağlı qəti elmi sübutlar yoxdur.
“Lakin qida təhlükəsizliyi baxımından istər GMO, istərsə də ənənəvi məhsullar olsun, əsas məsələ onların düzgün istehsal olunması, nəzarətdən keçməsi və istehlakçıya şəffaf məlumat təqdim edilməsidir”, – deyə qida mütəxəssisi əlavə edib.
Sonda F.Səfərov sağlam qidalanmanın vacibliyini vurğulayaraq vətəndaşlara sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edib.
Sağlam qidalanaraq sağlam yaşayın!
Gülnaz Abdullazadə
