Bu il ölkədə təşkil olunan növbəti sertifikasiya imtahanları başa çatdı.
2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ümumilikdə 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib:
“İmtahan 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil. 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb. İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur.
Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir”.
Qeyd edək ki, bu il MİQ imtahanında 70 minə yaxın müəllim iştirak edib. Müəllimlərin əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı yaranan vakant yerlərə yeni müəllimlərin cəlb edilməməsi məktəblərdə müəllim çatışmazlığına gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, ildən-ilə pedaqoji ixtisaslarda qəbul yerləri artırılır:
“2025-ci ilə qədər 8 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verilmişdi ki, onlardan 5 mindən artığı ibtidai sinif müəllimləridir. Sertifikasiyadan kəsilən müəllimləri müxtəlif yollarla aldatdılar ki, Əmək Məcəlləsinin 70 –ci maddəsinin “Ç” yox, “S” bəndi ilə işdən azad olunurlar, əgər “Ç” bəndi ilə işdən azad edilsələr, bundan sonra heç bir yerdə işləyə bilməyəcəklər. Müəllimlər də aldandılar.
Hazırda 3 minə yaxın şəxsin əmək müqaviləsinə xitam verildiyi yazılır. Əslində bu rəqəm 10 min nəfərdən yuxarıdır. 70-ci maddənin “Ç” bəndi ilə işdən azad edilənlərin sayı 3 min nəfərə yaxındır”.
Ekspert iddia edir ki, elm və təhsil nazirinin bildirdiyi “Sertifikasiyadan kəsilənlərin yerinə yeni müəllim götürmürük” fikri də doğru deyil:
“Əgər müəllimin əmək müqaviləsinə hər hansı bir səbəbdən xitam verilibsə, dərsi kim deyəcək? Təbii ki, dərsi kimsə keçməlidir. Sertifikasiyadan kəsilənlərlə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması ilə müşayiət olunan məqamlar da var.
Halbuki qanunvericilik onlarla əmək müqaviləsinə xitam verməyə icazə vermir. Ancaq onların işinə xitam verilib. Onların arasında yüzlərlə insan var ki, bir hissəsinin ərizəsi alınıb, bir hissəsinin isə işinə xitam verilib. Bu fikrin məntiqi əsası yoxdur.
Əgər vakansiya yaranırsa, təbii ki, ora müəllim gəlməlidir. Bəzi region məktəblərində vakansiya verilməyib. Məsələn, 4 ibtidai sinif, 8-10 ibtidai sinif müəllimi olan məktəb var. Orada bir neçə ibtidai sinif müəlliminin əmək müqaviləsinə xitam verilsə də, müəllimə tələbat yoxdur. Tələbat olmayan yerdə vakansiya verilə bilməz. Ancaq bu, o demək deyil ki, ölkənin bütün məktəblərində eyni vəziyyətdir.
Əgər müəllim işdən azad olursa və vakansiya yaranırsa, təbii ki, elan verilir. Ola bilsin ki, nazirin regionlardakı məktəblərdən məlumatı yoxdur. Çünki məktəblərə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi nəzarət edir”.
Ekspertin sözlərinə görə, hər il müəllimlərin işə qəbulu (MİQ) imtahanına 8-10 min vakansiya çıxarılır:
“İmtahanda 70 min nəfər iştirak edib. Bu müəllimlərin böyük bir hissəsi hazırda müəllim işləyənlərdir. Nazirlik bu statistikanı vermir ki, MİQ-də iştirak edənin neçəsi hazırda müəllim işləyən, neçəsi ilk dəfə müəllimliyə gələnlərdir. Bu statistikanı vermirlər. Yerdəyişmə zamanı neqativ hallar çox olduğuna görə hazırda müəllim işləyənlər MİQ vasitəsilə başqa məktəblərə keçirlər”.