image-emir-sirinbeylibackend

Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: Görün neçəyə satıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq etməkdə ittiham olunan xidmətçi, 1977-ci il təvəllüdlü Ruhiyyə Məmmədovanın məhkəməsi başa çatıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Ruhiyyə 2024-cü ilin sentyabrın 19-dan həmin ilin oktyabr ayının 17-nə kimi olan müddət ərzində xadimə işlədiyi evdən oğurluq edib. O, ümumilikdə 244790 manat 93 qəpik məbləğində qızıl-zinnət əşyalarını ələ keçirib.

İstintaq orqanı tərəfindən Ruhiyyənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruhiyyə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iş axtararkən zərərçəkmiş şəxsin evində dayə işləyən Vüsalə ona təmizlik işlərinin görülməsinə dair iş təklif edib: “Mən də razılaşdım və sentyabr ayında zərərçəkmiş şəxsin evində işləməyə başladım. Övladım ağır xəstə olduğu üçün bu əməli törətmişəm, çox peşman olmuşam. Evi təmizləməyə gedəndə zinət əşyalarının olduğu qab yerə düşdü. İçindəki bütün qızıllar da ətrafa səpələndi.İttiham aktında qeyd olunan bütün qızıl-zinət əşyalarını götürdüyümü etiraf edirəm. Bəzi qızıllar tozsoranın içərisinə girdi və tozsoranın içərisində qırıldı. Həmin qızılları götürərək cibimə qoydum. Sonra da “28 May” metrostansiyası yaxınlığında bir mağazada İbrahim adlı şəxsə satdım. Satdığım bütün qızıl əşyalara görə İbrahim mənə təxminən 3000-3500 manat məbləğində pul verdi. İbrahim qızılları lom qiymətinə aldı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qızılları oğurlayan zaman evdə yaşayan şəxslərin bundan xəbəri olmayıb, Vüsalə də bu əməli törətdiyini bilməyib: “Qızılların qırıqlarını da satmışam. Evdən götürdüyüm qızılların hamısı zərgər İbrahim tərəfindən geri qaytarıldı. İbrahim qızılları müstəntiq Zaur müəllimə gətirərək vermişəm. Sonradan hamısı ekspertizaya göndərildi. Qızılların hamısı geri qaytarıldıqdan sonra 26000 manat məbləğində ödənilməmiş ziyan qaldı. Həmin məbləğ tozsoranın arasında qırılan qızıllar, həmçinin İbrahimin yoxlamaq məqsədilə qırdığı sırğa hesabına yarandı. Sonradan zərərçəkmiş şəxs ilə aramızda barışıq yaratmaq istəyən Şahin müəllim bizi danışığa dəvət etdi. Danışıq zamanı mənim ilkin olaraq 10000 manat ödəməyim barədə razılığa gəldik. 6000 manat bankdan kredit çəkdim, 4000 manat da faizə pul götürdüm, 10000 manatı tam hazır edərək zərərçəkmiş şəxsə ödədim. Pulu ödədiyimə dair qəbz də aldım. Hazırda mınim 16000 manat borcum qalıb Həmin 16000 manatı da aybaay hissə-hissə ödəməyim barədə razılaşmışıq”.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunub: “Böyük qızım xərçəng xəstəsidir. Əməlimin oğurluq olduğunu bilsəm də, övladım üçün etməyə məcbur oldum. Götürdüyüm qızılların elə yüksək məbləğli olduğunu bilməmişəm. Qızılları İbrahimə satanda öz qızıllarım olduğunu demişəm. Saleh boyunbağı üçün mənə 900 manat pul verdi. Saleh həmin qızılı müstəntiqə təhvil verdi. Bütün qızılları İbrahimə satmışam. Sadəcə boyunbağını Salehə satmışam. Saleh bəy İbrahim bəyin mağazasının yaxınlığında işləyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Məmmədova 5 il 5 ay 27 gün müddət azadlıqdan məhrum edilib. Onun cəzasını rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli hökmü dəyişdirilib. Ruhiyyə Məmmədovanın cəzası 4 il 11 ay 27 günə endirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki