Bir neçə gün öncə sosial şəbəkələrdə Humay Əliyeva adlı gənc qadın oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirtdiyini iddia etmişdi. İndi isə məsələ hüquqi müstəviyə keçib. Belə ki, Humay Əliyeva Axşam.az-a açıqlamasında həkim barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini və tibbi ekspertiza zamanı əməliyyatın uğursuz olduğunun təsdiqləndiyini bildirib.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Cahid Şahbazovun vəkili Asim Abbasov yayılan xəbəri təkzib edib.
O, oftalmoloqla bağlı hər hansı cinayət işinin başlanmadığını vurğulayıb:
“Hüquqlarını müdafiə etdiyim Cahid Şahbazov barəsində yayılan xəbərlərlə bağlı qeyd etmək istəyirəm ki, cinayət işi birbaşa onun barəsində deyil, fakt üzrə başlanılıb. Vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Bu mərhələdə müvəkkilim Cahid Şahbazov heç bir məsuliyyətə cəlb olunmayıb. Qanunvericiliyə əsasən, hər hansı şəxsin təqsirli bilinməsi yalnız məhkəmə hökmü ilə müəyyən oluna bilər”.
Vəkil deyib ki, bu cür yalan məlumatlar ictimai rəyi çaşdırmaqla bərabər, tanınmış bir həkimin illərlə formalaşdırdığı nüfuzuna ciddi zərbə vurur:
“Bir daha media qurumlarına və ictimaiyyətə çağırış edirik ki, yalnız rəsmi və təsdiqlənmiş məlumatlara əsaslansınlar, insanların şərəf və ləyaqətinə, peşə nüfuzuna xələl gətirə biləcək əsassız ittihamlara yer verməsinlər. Hər kəsi bu kimi yalan məlumatların tirajlanmasından çəkinməyə, obyektiv və balanslı mövqe sərgiləməyə dəvət edirik”.
Xatırladaq ki, son vaxtlar Cahid Şahbazovla bağlı belə qalmaqallı xəbərlər yayılır.