image-metro-yenibackend

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Yeni tarif sistemi gəlir!

Nazirlər Kabineti və müvafiq dövlət qurumları ölkə daxilində metro nəqliyyatında məsafəyə əsaslanan yeni ödəniş sisteminin tətbiqini müzakirə edir. Layihənin gündəmə gəlməsi, sərnişinlər və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Metroda məsafəyə görə ödənişin tətbiqi ilə bağlı müzakirələr davam edir. Diferensial tarif sisteminin mümkünlüyü və bu modelin sərnişinlər üçün necə tətbiq oluna biləcəyi diqqət mərkəzindədir. 

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans Media-ya açıqlamasında bildirib ki, diferensial ödəniş üsulları kifayət qədər geniş anlayışdır və müxtəlif modelləri əhatə edir. Onun sözlərinə görə, bu ödəniş formaları məsafəyə, əraziyə, eləcə də sərnişin kateqoriyalarına görə fərqlənə bilər.

Bəxtiyar Məmmədov qeyd edib ki, bu prinsipə əsasən, daha az məsafə qət edən sərnişin daha az, uzun məsafə gedən sərnişin isə nisbətən daha çox ödəniş etməlidir. Lakin bu sistemlərin tətbiqi üçün bir sıra vacib nüanslar mövcuddur.

Onun sözlərinə görə, əsas şərtlərdən biri Bakı Metropoliteninin, xüsusilə də stansiyaların infrastrukturunun diferensial ödəniş sisteminə uyğun olmasıdır. Belə ki, bu modeldə sərnişin metroya daxil olarkən kart və ya NFC vasitəsilə ödəniş edir, çıxış zamanı isə yenidən qeydiyyatdan keçir. Qət edilən məsafə məhz bu mexanizm əsasında müəyyən olunur.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Bakı Metropoliteninin bir sıra stansiyaları sovet dövründə inşa edildiyi üçün çıxış və giriş quruluşları artıq formalaşıb. Təhlükəsizlik tələbləri və sərnişin axınının düzgün təşkili əsas prioritetlər olduğundan, hazırda müasir texnoloji imkanlar araşdırılır və hansı ödəniş üsullarının tətbiq edilə biləcəyi təhlil olunur.

Bəxtiyar Məmmədov əlavə edib ki, diferensial ödəniş sistemi həm sərnişin üçün sərfəli və səmərəli olmalı, həm də sosial və iqtisadi baxımdan balanslı şəkildə qurulmalıdır. Onun sözlərinə görə, bütün bu amillərin ortaq məxrəcə gəlməsi halında sistemin tətbiqi mümkündür.

Qeyd olunub ki, hazırda məsafəyə görə gediş haqqının tənzimlənməsi ilə bağlı yalnız təhlillər aparılır və bu modelin gələcəkdə tətbiqi nəzərdə tutulur. Məsafəyə əsaslanan ödəniş isə daha ədalətli prinsip hesab olunur.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki