Metrodan istifadə edənlərin DİQQƏTİNƏ: Avqustun 15-dən bu xətt TAMAMƏN BAĞLANIR!

Avqustun 15-dən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılacaq. Bu səbəbdən "Nizami"–"28 May" sahəsində qatarların hərəkəti müvəqqəti dayandırılacaq, sərnişinlərin daşınması üçün isə əvəzedici ekspres və gücləndirilmiş avtobus marşrutları təşkil ediləcək. Bununla yanaşı, "Gənclik", "20 Yanvar", "Neftçilər" və digər stansiyalardan istifadə edərək "Sahil" və "İçərişəhər" istiqamətinə gedən sərnişinlərin hərəkətinin necə təşkil olunacağı da maraq doğuran məsələlərdən biridir.

Mövzu ilə bağlı Referans Media-nın sualını cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlər ilk növbədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı ekspres avtobus marşrutları və mövcud müntəzəm marşrutlarda tətbiq olunan gücləndirmələrlə bağlı məlumatlarla tanış olmalıdırlar.

Onun sözlərinə görə, AYNA tərəfindən ekspres marşrutlarla yanaşı, 20 müntəzəm avtobus marşrutunun fəaliyyəti də gücləndirilib və bu dəyişikliklər əsasən metro xətləri arasında keçid imkanlarını təmin etməyə hesablanıb.

"Bununla bağlı məlumatları əldə etdikcə biz də ictimaiyyətlə paylaşacağıq. Sadəcə bir qədər səbirli olmaq lazımdır. Çünki 20 əlavə müntəzəm avtobus marşrutunda gücləndirmə tətbiq olunub. Bunların hamısı məhz bir xətdən digər xəttə keçid nöqtələrini əhatə edir. Bildiyim qədərilə həmin marşrutlar müxtəlif metro stansiyalarına bağlı əraziləri də əhatə edir", – deyə B.Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, sərnişinlərin "Sahil" və "İçərişəhər" istiqamətinə hərəkətinin təşkili ilə bağlı məsələ də dəqiqləşdirilərək ictimaiyyətə təqdim olunacaq.

"Aydınlaşdıracağıq və bu suala da cavab verəcəyik", – deyə o qeyd edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki