Azərbaycanda işləməyə davam edən pensiyaçıların pensiyalarının 6 illik əlavə iş stajı əsasında avtomatik qaydada yenidən hesablanması yenidən gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, bu mexanizm pensiyaçıların əmək fəaliyyətini davam etdirməsini təşviq etməklə yanaşı, rəsmi məşğulluğun və sosial sığorta sisteminə daxilolmaların artmasına da müsbət təsir göstərə bilər. Bəs pensiyaların yenidən hesablanması hansı meyarlar əsasında aparılır və bu hüquq bütün işləyən pensiyaçılara şamil olunur?
Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, işləməyə davam edən pensiyaçıların pensiyalarının yenidən hesablanması əsasən onların pensiyaya çıxdıqdan sonra topladıqları əlavə sığorta stajı və həmin dövrdə ödənilən məcburi dövlət sosial sığorta haqları əsasında həyata keçirilir.
Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan minimum müddət – 6 il əlavə iş stajı formalaşdıqda və bu müddət ərzində sosial sığorta haqları tam şəkildə ödənildikdə, pensiyanın sığorta hissəsi əlavə pensiya kapitalı nəzərə alınmaqla artırılır.
A.Nəsirli qeyd edib ki, bu mexanizm bütün işləyən pensiyaçılara eyni qaydada şamil olunmur. Yenidən hesablanmanın aparılması üçün qanunvericilikdə müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi vacibdir. Rəsmi əmək müqaviləsi ilə işləmək, işəgötürən tərəfindən məcburi sosial sığorta haqlarının tam və vaxtında ödənilməsi, eləcə də tələb olunan əlavə sığorta stajının toplanması əsas meyarlardır. Qeyri-rəsmi çalışan və ya sosial sığorta haqları ödənilməyən şəxslər bu üstünlükdən yararlana bilmirlər.
Ekspert vurğulayıb ki, pensiya məbləğinin artırılmasında ən mühüm amillərdən biri fərdi hesabda toplanan pensiya kapitalıdır. İşləyən pensiyaçının əməkhaqqısı nə qədər yüksək, ödənilən sosial sığorta haqları nə qədər çox olarsa, onun fərdi hesabında yığılan pensiya kapitalı da bir o qədər artır. Bu isə növbəti yenidən hesablanma zamanı pensiya məbləğinin daha çox artmasına imkan yaradır.
A.Nəsirlinin fikrincə, belə bir mexanizm işləyən pensiyaçılar üçün əlavə motivasiya yaradır. Onlar əmək fəaliyyətini davam etdirməklə həm gəlirlərini artırır, həm də gələcəkdə pensiyalarının yüksəlməsi üçün əlavə hüquq qazanırlar.
Ekspert hesab edir ki, bu yanaşma təcrübəli kadrların əmək bazarında daha uzun müddət qalmasına, qeyri-rəsmi məşğulluğun azalmasına və sosial sığorta sisteminə daxilolmaların artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, pensiya sisteminin sığorta prinsiplərinə əsaslanmasını gücləndirərək ödənilən sosial sığorta haqları ilə əldə olunan pensiya hüquqları arasında daha aydın əlaqə formalaşdırır.
Gülnaz Abdullazadə
