El arasında uzun illərdir ki, sonu “r” hərfi ilə bitməyən aylarda balıq yeməyin sağlamlıq üçün təhlükəli olduğu deyilir. Xüsusilə yay aylarında tez-tez səsləndirilən bu fikir bir çox insanın balıq istehlakına ehtiyatla yanaşmasına səbəb olur. Bəs bu inancın elmi əsası varmı, yoxsa sadəcə xalq arasında formalaşmış bir düşüncədir?
Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, bu fikir daha çox xalq arasında formalaşmış bir inancdır və müasir elmi məlumatlar balığın yalnız ayın adında “r” hərfinin olub-olmamasına görə təhlükəli və ya təhlükəsiz olduğunu təsdiqləmir.
Onun sözlərinə görə, bu inancın yaranması əsasən keçmiş dövrlərdə soyuducu və müasir saxlama şəraitinin olmaması ilə əlaqələndirilir.
“İsti aylarda balıq daha tez xarab olduğu üçün insanların ehtiyatlı davranması tövsiyə edilirdi”, – deyə ekspert bildirib.
F.Səfərov qeyd edib ki, balıqların kürü tökmə dövründə müəyyən dəyişikliklər baş verir.
“Bu dövrdə onların enerji ehtiyatlarının bir hissəsi çoxalma prosesinə yönəldiyindən bəzi növlərdə ətin yağlılığı, dadı və qida dəyəri müəyyən qədər dəyişə bilər. Məsələn, bəzi balıqlar daha arıq və az yağlı ola bilər. Lakin bu, onların avtomatik olaraq sağlamlıq üçün təhlükəli olması demək deyil”, – deyə o vurğulayıb.
Qida mütəxəssisinin sözlərinə görə, əsas məsələ balığın növü, tutulduğu mühit, saxlanma və emal şəraitidir.
“Gigiyenik qaydalara əməl olunubsa, soyuq zəncir qorunubsa və məhsul təzədirsə, kürü tökmə dövründə tutulan balığın istehlakı adətən insan sağlamlığı üçün əlavə risk yaratmır”, – deyə F.Səfərov bildirib.
Ekspert əlavə edib ki, bəzi ölkələrdə və regionlarda balıq ehtiyatlarının qorunması məqsədilə kürü tökmə mövsümündə müəyyən növlərin ovuna məhdudiyyətlər tətbiq edilir.
“Bu qadağalar əsasən ekoloji və bioloji səbəblərlə bağlıdır, qidanın insan üçün təhlükəli olması ilə deyil”, – deyə o qeyd edib.
Qida mütəxəssisi sonda vurğulayıb ki, “sonu ‘r’ hərfi ilə bitməyən aylarda balıq yemək olmaz” fikrinin ciddi elmi əsası yoxdur.
“Balıq alarkən ayın adına deyil, məhsulun təzəliyinə, saxlanma şəraitinə, mənşəyinə və keyfiyyət göstəricilərinə diqqət yetirmək daha vacibdir”, – deyə F.Səfərov əlavə edib.
Sağlam qidalanaraq sağlam yaşayın!
Gülnaz Abdullazadə
