Rusiya ilə Böyük Britaniya arasında diplomatik gərginlik yeni mərhələyə keçib. Moskva Britaniya diplomatlarından birinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Referans Media Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfirliyində çalışan diplomatın Britaniya kəşfiyyatı ilə əlaqəli olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Böyük Britaniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakia Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin açıqlamasında bildirilib ki, müvəqqəti işlər vəkilinə rəsmi etiraz notası təqdim olunub və adı açıqlanmayan diplomatın akkreditasiyasının ləğv edildiyi onun diqqətinə çatdırılıb. Qərara əsasən, sözügedən diplomat iki həftə ərzində Rusiya ərazisini tərk etməlidir.
Açıqlamada vurğulanıb ki, Rusiya milli təhlükəsizlik maraqlarını qorumaqda davam edəcək. Eyni zamanda Londranın vəziyyəti daha da gərginləşdirməsi halında Moskvadan adekvat cavab veriləcəyi qeyd olunub.






















