Müğənni Tacir Şahmalıoğlunun fikirləri ictimaiyyətdə rezonans doğurub. Sənətçi oğlu Şahmalını nişanlamadan əvvəl gəlini ilə onun bürcünü yoxlatdırdığını bildirib. O qeyd edib ki, hər ikisinin bürcü uyğun gəldiyi üçün evliliyə razılıq verib. “Çünki başıma gəlib, görmüşəm ki, elə ailə dağılır”, – deyə ifaçı vurğulayıb.
Evlilik kimi ciddi bir qərarın bürclərə əsaslanaraq verilməsi nə dərəcədə məntiqlidir? İfaçının fikirlərində haqlılıq payı varmı?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov deyib ki, islamda bürclərə münasibət iki qismə bölünür:
“Astronomik bürclər (ulduz yığınları) Allahın yaratdığı səmavi cisimlər kimi qəbul edilir, Quran onlara and içir. Lakin bürclərin insan taleyinə təsir etdiyinə, qeybi bildiyinə inanan batil inanclar, ulduz falı, münəccimlik qəti qadağan edilir. Çünki bu, Allaha şirk qoşmaq və Allahdan başqasının qeybi bilməsini iddia etməkdən başqa bir şey deyil. Xülasə, bürclər göy cisimləri kimi mövcuddur (inanılır), lakin onların insan həyatına təsir etməsinə inanmaq dini baxımdan qəbul edilmir (şirkdir)”.
Astroloq Səbuhi Rəhimli bildirib ki, 31 ildir bu sahə ilə məşğul olsa da, bu müddət ərzindən bürclərin uyğunluğu barədə fikirlər səsləndirməyib:
“Nə çıxışlarımda, nə məqalələrimdə, nə də müəllifi olduğum təxminən 35 astroloji kitabda belə bir yanaşmaya rast gələ bilməzsiniz. Çünki astrologiyada insanın xarakterini təkcə bürclə izah etmək mümkün deyil. Bürc insan şəxsiyyətinin cəmi 25 faizə yaxın hissəsini təşkil edir. Qalan 65-70 faiz isə insanın tərbiyəsi, təhsili, peşəsi, ailə mühiti, psixoloji durumu, yaşadığı coğrafiya və sosial şəraitlə formalaşır. Düzdür, astrologiyada bir-birini cəlb edən enerji tipləri var. Amma bu, “filan bürc filan bürclə uyğun gəlir” demək deyil. İnsanların uyğunluğunu müəyyən etmək üçün dəqiq doğum xəritəsi hazırlanmalıdır. Həmin xəritə əsasında xasiyyətlərin uyuşub-uyuşmadığı, həyata, pula, ailəyə, məsuliyyətə münasibətləri analiz olunur. Məsələn, biri xərcləməyə meyilli, digəri isə qənaətcildirsə, bu, astrologiyanın göstərə bildiyi real faktordur. Amma bunun bürclərin adı ilə heç bir əlaqəsi yoxdur”.
S.Rəhimlinin sözlərinə görə, astrologiya ümumiləşdirmə yox, fərdi elmi hesablamadır:
“Bu, bir rayonla bağlı stereotipə bənzəyir. Necə ki, “filan rayondan qız almıram” demək yanlışdırsa, “filan bürc filan bürclə tutmaz” demək də bir o qədər səhvdir. Eyni ailədə böyüyən beş uşaq belə fərqli xarakterlərə malikdirsə, milyonlarla insanı yalnız bürcə görə qiymətləndirmək nə qədər məntiqlidir? Uyğunluqda insan faktoru, psixoloji durum, yaşayış mühiti, adət-ənənələr, dünya görüşü mühüm rol oynayır. Məsələn, Kəlbəcərin ucqar dağ kəndində yaşayan bir qızla Bakının mərkəzində böyümüş bir oğlan evlənə bilər, amma bu, artıq iki fərqli həyat tərzi və ayrı sivilizasiyanın qarşılaşması deməkdir. Eyni hal Qusar-Qazax, Astara-Gəncə münasibətlərində də özünü göstərə bilər. Nəticə etibarilə, yanaşmam birmənalıdır: sevgi ruha bağlıdır, bürcə yox. Bürc insanın yalnız kiçik bir hissəsini ifadə edir”.
Sosioloq Mail Yaqubun fikrincə, insanın taleyini bürclərlə əlaqələndirməsi absurd və mənasızdır:
“İnsanın həyatını müəyyən edən əsas amillər onun öz iradəsi, gücü və Allahın istəyi ola bilər. İradə əsasdır: insan nəyi istəyirsə və nəyə qərar verirsə, onu da həyata keçirir. Bürclərə bağlanan inanclar əsassız, əfsanə xarakterli anlayışlardır. Onlara güvənmək və həyatı bu cür təsəvvürlər üzərində qurmaq düşüncəmizi iflic edə bilər. Belə mənasız şeylərdən uzaq durmaq lazımdır. İnsan məntiqə, ağla, dərrakəyə və öz iradəsinə əsaslanaraq hərəkət etməlidir”.























