Muharrem İnce sükutu pozdu: CHP-də böhran böyüyür

Məhkəmənin qurultayla bağlı verdiyi qərardan sonra CHP-də yaranan gərginlik fonunda partiyanın keçmiş prezidentliyə namizədi və siyasətçi Muharrem İnce uzun sürən sükutunu pozub. İnce açıqlamasında CHP-nin yanında olduğunu vurğulayıb və partiyanı daxili hesabat verməyə çağırıb.

Sosial media hesabında paylaşım edən İnce bildirib ki, CHP onun 40 illik siyasi mübarizəsinin ayrılmaz hissəsidir: “CHP mənim alın tərim, göz yaşım və gələcək nəsillərə qoyacağım demokratik Cümhuriyyət mirasıdır. CHP Türkiyənin sığortasıdır və parçalanmamalıdır.”

O, partiya daxilində son günlər yaşanan qarşıdurmaların CHP-yə və Türkiyəyə zərər verdiyini qeyd edib.

İnce hesab edir ki, partiya daxilində “təmizlənmə” və “müqavimət” şüarları ətrafında yaranan sərt qarşıdurma CHP-ni parçalanma təhlükəsi ilə üz-üzə qoyub. Onun sözlərinə görə, siyasi incikliklər və şəxsi qarşıdurmalar kənara qoyulmalı, partiyanın maraqları hər şeydən üstün tutulmalıdır.

Bir vaxtlar CHP-dən ayrılaraq öz siyasi hərəkatını yaradan İnce bu dəfə fərqli mövqe sərgiləyib. O bildirib ki, CHP-dən ayrılmaq və yeni partiya yaratmaq düzgün siyasi qərar deyil: “Bu təcrübəni yaşamış biri kimi deyə bilərəm ki, CHP-ni tərk etmək çıxış yolu deyil.”

Muharrem İnce partiyanın demokratikləşdirilməsi üçün təcili nizamnamə qurultayının keçirilməsini təklif edib.

Onun fikrincə:

Partiya rəhbərliyi üzvlərin birbaşa səsi ilə seçilməlidir;
Millət vəkilləri, bələdiyyə sədrləri və partiya rəhbər orqanları üzvlərin iradəsinə əsasən müəyyənləşdirilməlidir;
CHP legitimliyini yalnız öz üzvlərindən almalıdır.

İnce bildirib ki, CHP sadəcə hakimiyyət uğrunda mübarizə aparan siyasi təşkilat deyil, həm də Türkiyə Cümhuriyyətinin qurucu partiyasıdır.

O vurğulayıb ki, partiyanın yalnız təmizlənməsi və müqavimət göstərməsi kifayət deyil: “Təmizlənmək də, müqavimət göstərmək də yetərli deyil. Bu nöqtəyə necə gəldiyimizlə bağlı da üzləşmək məcburiyyətindəyik.”

İnce son hadisələr nəticəsində CHP daxilində ciddi parçalanmanın yarandığını bildirib. Onun fikrincə, məhkəmə qərarından sonra yaranan qarşıdurmalar milyonlarla CHP seçicisində məyusluq yaradıb və partiyanın əsas gündəmini kölgədə qoyub.

Siyasətçi çıxışının sonunda demokratik, dünyəvi və sosial hüquq dövlətinə inanan vətəndaşları CHP-yə dəstək verməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki