image-nasabackend

NASA ulduzsuz obyektin mövcudluğunu təsdiqlədi

NASA alimləri kainatda ilk dəfə olaraq ulduzsuz, qazla zəngin və əsasən qaranlıq maddənin təsiri altında olan bir obyektin mövcudluğunu təsdiqlədiklərini açıqlayıblar. Bu kəşf qalaktikaların necə formalaşdığını anlamaq baxımından yeni və mühüm məlumatlar ortaya qoyur.

Referans Media xəbər verir ki, NASA-nın rəsmi saytında yayımlanan məlumata görə, Habl Kosmik Teleskopunun müşahidələrinə əsaslanan araşdırma spiral Messye 94 qalaktikasının yaxınlığında aşkar edilən və “Cloud-9” adlandırılan obyekt üzərində aparılıb.

Tədqiqatın rəhbəri, Milan-Bikokka Universitetindən Alejandro Benites-Llyambay bu obyektin “uğursuz qalaktika” nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, obyektin əsas fərqləndirici cəhəti ulduzların tamamilə olmamasıdır. Alim vurğulayıb ki, elmdə bəzən uğursuzluqlar uğurlardan daha çox şey öyrədir.

Tədqiqat qrupunun üzvü, AURA/STScI-dən Endryu Foks isə bildirib ki, bu qaz buludu “qaranlıq kainata açılan pəncərə” rolunu oynayır. Onun sözlərinə görə, işıq saçmayan qaranlıq maddəni müşahidə etmək üçün belə obyektlər nadir imkan yaradır.

Araşdırmanın nəticələri The Astrophysical Journal Letters jurnalında dərc olunub və ABŞ-ın Finiks şəhərində keçirilən Amerika Astronomiya Cəmiyyətinin 247-ci toplantısında təqdim edilib.

Habl teleskopunun Advanced Camera for Surveys kamerası ilə aparılan əlavə müşahidələr “Cloud-9” obyektində ulduzların olmadığını tam təsdiqləyib. Tədqiqatın aparıcı müəllifi, STScI-dən Qaqandeep Anand bildirib ki, bu cihaz vasitəsilə obyektin tamamilə ulduzsuz olduğu dəqiq müəyyən edilib.

NASA-nın məlumatına görə, alimlər bu kəşfin ilkin dövrlərdə formalaşa bilməmiş, yəni “uğursuz” qalaktikalarla bağlı mövcud nəzəriyyələri gücləndirdiyini və kainatın qaranlıq komponentlərinin öyrənilməsi üçün yeni istiqamətlər açdığını vurğulayıblar.

Gülnaz Abdullazadə.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki