Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranı ilə əlaqədar dünyanın artıq qlobal temperatur artımını 1,5 dərəcə Selsi həddində saxlamağın qarşısını ala bilməyəcək vəziyyətə gəldiyini bildirib.
Referans Media xəbər verir ki, o, emissiya fərqinin aradan qaldırılması üçün ölkələri təcili tədbirlər görməyə çağırıb.
Baş katib noyabr ayında Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) ərəfəsində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunan illik Emissiya Fərqi Hesabatı ilə bağlı videomüraciət yayımlayıb.
“Dünya artıq 1,5 dərəcəlik həddin aşılmasının qarşısını ala bilməz və bunun nəticələri indidən dağıdıcıdır”, - deyə Quterreş xəbərdarlıq edib.
O, dünyada baş verən ölümcül daşqınlara, həddindən artıq isti hava dalğalarına və güclü meşə yanğınlarına diqqət çəkib.
BMT-nin Baş katibi iqlim böhranının iqtisadiyyatları iflic etdiyini, bərabərsizliyi daha da dərinləşdirdiyini vurğulayıb. O qeyd edib ki, iqlim böhranına səbəb olan proseslərə ən az töhfə verən insanlar və ölkələr onun nəticələrindən ilk və ən ağır şəkildə zərər çəkirlər.
Bununla yanaşı, Quterreş əsrin sonuna qədər qlobal temperatur artımını yenidən 1,5 dərəcəlik həddən aşağı salmağın mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, buna nail olmaq üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilə qədər 18 faiz, 2035-ci ilə qədər isə 45 faiz azaldılmalıdır:
“Lakin emissiyalar rekord səviyyədə qalmaqda davam edir. Milli iqlim planları və mövcud siyasətlər təhlükəli dərəcədə qeyri-kafidir və temperaturun 2,6–2,8 dərəcə artacağına işarə edir”./"Cebheinfo.az"/
