ABŞ-nin Kaliforniya ştatında güclü zəhəri ilə tanınan sarıqarınlı dəniz ilanının sahilə çıxması diqqət çəkib. Mütəxəssislər bu növün bölgədə nadir görüldüyünü bildirərək insanları ehtiyatlı olmağa çağırıblar.
Referans Media xəbər verir ki, hadisə Kristal Kov sahilində baş verib. Sentyabr ayında sahildə gəzən bir ailə sudan kənarda qalmış dəniz ilanı ilə qarşılaşıb. Məlumata görə, ilan zəif və yavaş hərəkət edib.
Sarıqarınlı dəniz ilanları əsasən tropik və subtropik sularda yaşayır. Okean axınları, dəniz suyunun temperaturundakı dəyişikliklər və El-Ninyo kimi iqlim hadisələri bəzi dəniz canlılarının adi yaşayış areallarından kənarda görünməsinə səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, sahilə çıxmış dəniz ilanına toxunmaq və onu yenidən suya qaytarmağa çalışmaq təhlükəlidir. Belə canlı ilə qarşılaşdıqda ona yaxınlaşmamaq və aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunur.
İlan sancması baş verərsə, əlamətlər dərhal üzə çıxmasa belə, təcili tibbi yardım almaq lazımdır.
Alimlər tropik dəniz canlılarının Kaliforniya sahillərində görünməsinin onların həmin ərazidə daimi məskunlaşması demək olmadığını vurğulayırlar.
