Türkiyənin İstanbul şəhərində kapital bazarlarında aparılan əməliyyatlarla bağlı istintaq çərçivəsində Altınbaş Holdinqin sahibi Nusret Altınbaş barəsində axtarış qərarı çıxarılıb. Onun qardaşı İnan Altınbaş saxlanılıb, ailənin digər üzvlərinin əmlaklarının dondurulduğu bildirilib.
Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma Qiymətli Kağızlar Bazarı Şurasının (SPK) hesabatları və yazılı müraciətləri əsasında həyata keçirilir.
İstintaq çərçivəsində Işıklar Enerji və Yapı Holding (IEYHO), Vişne Madencilik (VSNMD), Odine Solutions (ODINE) və Tera Finansal Yatırımlar Holding (TRHOL) şirkətlərinin səhmləri ilə bağlı əməliyyatlar araşdırılır.
İş üzrə ümumilikdə 31 şübhəli barəsində saxlanılma qərarı verilib. Onlardan 26-sı saxlanılıb. Digər şübhəlilərlə bağlı əməliyyatların davam etdiyi bildirilir.
Qeyd edək ki, Nusret Altınbaş barəsində çıxarılan axtarış qərarı və digər şəxslərin saxlanılması onların təqsirinin məhkəmə tərəfindən sübuta yetirildiyi anlamına gəlmir.
