ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox yaxında başa çatacağını və bundan sonra neft qiymətlərinin kəskin şəkildə ucuzlaşacağını bildirib.
Referans Media xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. ABŞ-da 3 noyabrda keçiriləcək Konqres aralıq seçkiləri öncəsi seçicilərin yüksək yanacaq qiymətlərindən narazılığı ilə bağlı sualı cavablandıran Tramp, İranla bağlı siyasətini müdafiə edib. “Başqa çarəm yox idi. İranla müharibə bitən kimi, ki bu da çox yaxında olacaq, neft qiymətləri çökəcək”, – Tramp deyib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hazırkı yüksək neft qiymətlərinin ödənilməli olan “kiçik bir bədəl” olduğunu bildirib. Trampın sözlərinə görə, müharibə başa çatdıqdan sonra neft qiymətləri aşağı düşəcək və bundan sonra hər kəs vəziyyətdən məmnun qalacaq.
Tramp İranın hələ yerinə yetirməli olduğu bəzi məsələlərin olduğunu vurğulayıb. Buna görə də münaqişənin tam başa çatmadığını bildirib. “İstəsək, hazırda oradan çıxa bilərik və əla iş görmüş olarıq. Lakin bu mənim üçün kifayət deyil. Beş, altı və ya on il sonra bunun (İranın nüvə silahına sahib olmasının) baş verməyəcəyinə əmin olmalıyıq və belə də olacaq”, – ABŞ Prezidenti qeyd edib.
Trampın açıqlamaları həm İranla münaqişənin gələcəyi, həm də qlobal neft bazarında qiymətlərin istiqaməti baxımından diqqət çəkib.
