Türkiyənin İstanbul şəhərində kapital bazarlarında aparılan əməliyyatlarla bağlı fond istintaqı çərçivəsində 31 nəfər barəsində saxlanılma qərarı verilib. Şübhəlilərdən 26-sı saxlanılıb.
Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma Qiymətli Kağızlar Bazarı Şurasının (SPK) hesabatları və daxil olan yazılı müraciətlər əsasında başladılıb.
İstintaq çərçivəsində Işıklar Enerji və Yapı Holdinq (IEYHO), Vişne Madencilik (VSNMD), Odine Solutions (ODINE) və Tera Finansal Yatırımlar Holdinq (TRHOL) şirkətlərinin səhmləri ilə bağlı əməliyyatlar araşdırılır.
İş üzrə Altınbaş Holdinqin sahibi Nusret Altınbaş barəsində axtarış qərarı çıxarılıb. Onun qardaşı İnan Altınbaş saxlanılıb. Həmçinin Altınbaş ailəsinin digər üzvlərinin əmlaklarının dondurulduğu bildirilir.
Baş Prokurorluq istintaq tədbirlərinin qanunvericiliyə uyğun şəkildə davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, saxlanılma və axtarış qərarları şəxslərin təqsirinin məhkəmə tərəfindən sübuta yetirilməsi demək deyil.
