Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi qlobal təhlükəsizlik və müdafiə siyasətinə dair mühüm qərarlarla başa çatıb. Zirvə çərçivəsində Türkiyənin müdafiə sənayesi, beynəlxalq əməkdaşlığı və iqtisadi əlaqələri baxımından yeni imkanlar yaradan bir sıra razılaşmalar əldə olunub. Həmçinin Türkiyənin də daxil olduğu 9 ölkə müdafiə layihələrinin maliyyələşdirilməsi üçün ortaq bankın yaradılması təşəbbüsünə qoşulub.
Referans Media xəbər verir ki, iki gün davam edən sammitdə "NATO 3.0" strateji konsepsiyası müzakirə olunarkən, Türkiyənin müttəfiqlərlə apardığı intensiv diplomatik təmaslar diqqət mərkəzində olub.
Ərdoğan–Tramp görüşündə mühüm mövzular müzakirə edildi
Zirvənin ən vacib görüşlərindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutub. Məlumata görə, tərəflər uzun müddətdir müzakirə olunan müdafiə və təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər. Görüşdə Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarının aradan qaldırılması istiqamətində siyasi iradənin nümayiş etdirildiyi, həmçinin F-35 qırıcı proqramı ilə bağlı yeni mərhələnin başlaya biləcəyi bildirilib.
KAAN layihəsi ilə bağlı maneələrin aradan qaldırıldığı bildirilir
Məlumata əsasən, Türkiyənin hazırladığı 5-ci nəsil KAAN döyüş təyyarəsinin mühərrik təchizatı ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində razılıq əldə olunub.
Müdafiə sənayesində yeni əməkdaşlıqlar
Zirvə çərçivəsində Türkiyənin müdafiə sənayesi sahəsində bir sıra ölkələrlə əməkdaşlığı genişlənib. Fransanın SAMP/T hava hücumundan müdafiə sistemi ilə bağlı mövqeyində daha çevik yanaşma nümayiş etdirdiyi bildirilib. Almaniyanın Türkiyə istehsalı olan uzaqmənzilli raket sistemləri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi qeyd olunub. Böyük Britaniya ilə müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində yeni əməkdaşlıq sazişləri imzalanıb.
Kanada ilə azad ticarət danışıqları başlayır
Zirvənin iqtisadi nəticələri də diqqət çəkib. Türkiyə ilə Kanada arasında Azad Ticarət Sazişi üzrə rəsmi danışıqlara start verildiyi açıqlanıb. Bundan əlavə, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri müxtəlif beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq protokolları imzalayıblar.
9 ölkə ortaq müdafiə bankı yaradır
Zirvə çərçivəsində Türkiyə, Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya və Ukrayna müdafiə layihələrinin maliyyələşdirilməsi üçün ortaq bankın yaradılması təşəbbüsünə qoşulub.
Kanadada yaradılması planlaşdırılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı vasitəsilə 100 milyard funt sterlinqədək maliyyə resursunun səfərbər olunması nəzərdə tutulur. Bu təşəbbüsün müdafiə investisiyalarının daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə töhfə verəcəyi gözlənilir.
