Azərbaycan arxeoloqları uzun illər davam edən axtarışlardan sonra mühüm tarixi abidənin yerini dəqiq müəyyənləşdiriblər. Naxçıvan Muxtar Respublikasının İlandağ ərazisində eramızdan əvvəl VIII əsrə aid Urartu mixi yazılı qayaüstü mətn yenidən aşkar olunub.
Referans Media xəbər verir ki, iyunun 1-də AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvanda fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov tərəfindən qaya üzərində həkk olunmuş mixi yazının yerləşdiyi yer müəyyən edilib.
Qeyd edək ki, sözügedən abidə ilk dəfə ötən əsrin 80-ci illərinin sonlarında aşkar edilərək elmi dövriyyəyə daxil edilsə də, onun dəqiq koordinatları göstərilmədiyindən sonrakı illərdə aparılan çoxsaylı axtarışlar nəticəsiz qalmışdı.
Tədqiqatçılar bildirirlər ki, təxminən 2800 il yaşı olan yazıda Urartu hökmdarları I Sardurinin oğlu İşpuini və onun oğlu Menuanın fəaliyyətindən bəhs edilir. Yazıda onların Arşini və Aniani şəhərlərinə yürüşləri, eləcə də Puluadi torpağında Tanrı Xaldiyə qurban mərasimi keçirmələri haqqında məlumatlar yer alıb. Araşdırmalara görə, mətn Urartu hökmdarlarının Naxçıvana hərbi yürüşlərini əks etdirir. Məlumatlarda onların indiki Ərəzin kəndi istiqamətindən hərəkət edərək Araz çayının cənubundakı ərazilərə daxil olduqları qeyd edilir.
Alimlər hesab edirlər ki, Urartuların Naxçıvana yürüşləri istədikləri nəticəni verməyib. Sisianda aşkar edilmiş digər mixi yazılar göstərir ki, bölgədə möhkəmlənən Etiuni konfederasiyası Urartu dövlətinə müəyyən xərac ödəməklə öz müstəqilliyini qoruyub saxlaya bilib.
Mütəxəssislərin fikrincə, İlandağdakı mixi yazının yenidən aşkar olunması Naxçıvanın qədim tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

