Son dövrlərdə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan məsələlərdən biri də Milli Məclisdə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidir. Bu müzakirələr təkcə hüquqi müstəvidə deyil, həm də siyasi, sosial və tarixi kontekstlərdə geniş rezonans doğurub. Parlamentdə səsləndirilən fikirlər və təkliflər ictimaiyyət arasında ciddi suallar doğurur.
Naxçıvanla bağlı nə baş verir? Muxtariyyət ləğv olunur, yoxsa qalır? Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının statusunda hər hansı dəyişiklik gözlənilirmi?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında qərar bu ilin may ayında Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilib:
“Müvafiq dəyişikliklər edildikdən sonra, təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərildi. Birinci oxunuşda bu qanun layihəsinə baxıldı. Sözügedən qanun Azərbaycanın demokratik inkişafı üçün mühüm bir addımdır. Belə ki, Naxçıvanda hakimiyyətin bölgüsü ilə bağlı bir sıra anlaşılmazlıqlar mövcud idi. Ali Məclisin sədri əvvəlki dövrlərdə həm qanunverici hakimiyyətin rəhbəri, həm də ali icra hakimiyyətinin funksiyasını həyata keçirən ali vəzifəli şəxs hesab olunurdu. Bu isə demokratiyanın əsas prinsiplərindən olan hakimiyyətin bölgüsü ilə uyğun gəlmirdi. İndi isə Ali Məclis yalnız qanunverici hakimiyyət kimi fəaliyyət göstərəcək.
Yeni qanunda göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən səlahiyyətli şəxs Naxçıvanda icra funksiyalarını yerinə yetirəcək. Bunun üçün xüsusi bir institut yaradılıb və adı səlahiyyətli nümayəndəlikdir. Bütün bu dəyişikliklər Konstitusiyada öz əksini tapmış yeni yanaşmalardır. Cəmiyyətdə də bu dəyişikliklər müsbət qarşılanıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq. İcra başçılarının təyinatı ilə bağlı isə Naxçıvan Ali Məclisinin sədrinin təqdimatı əsasında Prezident bu təyinatları həyata keçirəcək.
Konstitusiyada müsbət cəhdlərdən biri də 1921-ci il Moskva və Qars müqavilələrinin adlarının çıxarılmasıdır. Bu, məntiqi bir addımdır. Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan Şuşa Bəyannaməsindən sonra, sözügedən iki müqaviləyə artıq heç bir ehtiyac yoxdur.
Müzakirə etdiyimiz qanun layihəsində heç bir halda Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi məsələsindən söhbət gedə bilməz”.