Naxçıvanlılar duza həsrət qalıb – Altından Teymur Mehdiyevin imzası çıxdı

Naxçıvan zəngin duz ehtiyatına malik regiondur. Muxtar Respublikanın Kəngərli rayonu ərazisində Duzdağ adlı yüksəklik də var. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Hələ ötən əsrin 70-ci illərindən burada duz istehsalı təşkil olunub. Hazırda da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Naxçıvan Duz İstehsalı” MMC müəssisəsi fəaliyyət göstərir. Amma elə muxtar respublikada bu zavodun məhsullarını tapmaq olmur. Elə bil hər yerdə qeybə çəkilib. Bir vaxtlar mağazaların piştaxtalarında dolu olan xörək duzu indi defisit mala çevrilib.

Ümumiyyətlə, ölkəmizdə də Naxçıvan duzu tapılmır. Qeyd edim ki, Naxçıvan duzu tərkibinə, keyfiyyətinə görə digər duzlardan müsbət mənada seçilir. Başa düşürük ki, hər bir müəssisə həm daxili, həm də xarici bazar üçün işləyir. Məhsullarının eksportuna çalışır ki, gəliri olsun, rentabelli fəaliyyət göstərsin. Amma bu o demək deyil ki, öz daxilində məhsulları tam yığışdırmalısan.

Maraqlıdır ki, Bakının bazarlarında Naxçıvan duzu adı ilə duzlar satılır. Bu duzlara baxanda görürsən palçıqla qarışıq nəsə bir məhluldur. Camaat da zavod malı tapmadığı təqdirdə məcbur olub tərkibi, mənşəyi məlum olmayan malı alır. Bu məsələ ilə bağlı Naxçıvan MR İqtisadiyyat Nazirliyindən Sədaqət xanım adlı əməkdaşla telefonla əlaqə saxlayıb suallara aydınlıq gətirmək istədiyimi dedim. O isə bu barədə rəhbərliyinə məruzə edib əlaqə mənimlə əlaqə saxlayacağını bildirdi. Söhbətimizdən bir həftə keçib. Lakin Sədaqət xanımdan hələ də səs çıxmayıb. Artıq söhbətin duzu da qaçıb.

Naxçıvan İqtisadiyyat Nazirliyinin bu cür hərəkətsizliyi müəyyən şübhələr doğurur. Məişətdə gündəlik istifadə olunan bir məhsulu mağazalardan yığışdırmaqla adamlarda gərginlik, narazılıq yaratmaq nəyə, kimə xidmət edir? Necə ola bilər ki, duz süxurları ilə əhatə olunmuş Naxçıvanda bəzən bir çimdik duzun tapılmaması təsadüf ola bilməz. Bir məlumat əldə edəndən sonra isə bu qıtlığın həqiqətən təsadüf olmadığını, süni şəkildə yaradılmış bir şey olduğuna əmin oldum.

Beləki, bu il keçirilmiş tenderin nəticəsində “Şərq-Qərb” ASC qalib elan olunub. Bu şirkət “Naxçıvan Duz İstehsalı”nın məhsullarını qablaşdıracaq, qarşılığında isə 174 min 42 manat 92 qəpik alacaq. Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrində “Şərq-Qərb”-in səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna (hazırda Fövqəladə hallar nazirinin müavini, general-mayor) məxsus olduğu göstərilib.

Teymur Mehdiyevin qeydiyyat ünvanında həm də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti, son günlərin “qəhrəman”nı Ramiz Mehdiyev qeydiyyatdadır. Məncə bu fakt hər şeyi bildirir. Xain damğası vurulmuş Ramiz Mehdiyevin adı keçən bir şirkətdən dövlətin, xalqın xeyrinə nəsə gözləmək olmaz. 

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki