Nazirlər Kabinetinin qərarı ilə avtomobil benzini və bir sıra digər mallar üzrə gömrük rüsumlarının ayrıca müəyyən edilməsi əvvəlki siyasətlə müqayisədə daha fərqli yanaşmanı əks etdirir. Əvvəllər rüsumlar vahid səviyyədə və ya ümumi kateqoriyalar üzrə tətbiq olunurdusa, yeni qərarla hər məhsul üzrə ayrıca və dəqiq rüsum məbləğləri müəyyən edilir. Bu yanaşma rüsumların şəffaflığını artırmaqla yanaşı, dövlət gəlirlərinin daha dəqiq proqnozlaşdırılmasına imkan yaradır.
Referans Media-ya açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, beynəlxalq bazarlardakı neft qiymətlərinin təsiri yeni rüsum sistemi vasitəsilə müəyyən qədər tənzimlənə bilər. Onun sözlərinə görə, gömrük rüsumları sabit olduğu halda, dünya bazarında neftin qiyməti yüksəldikdə idxalçıların xərcləri daha aydın şəkildə formalaşır və dövlət gəlirləri qorunur. Əksinə, qiymətlər aşağı düşdükdə rüsumların sabit qalması bazara müdaxiləni daha proqnozlaşdırılan edir.
İqtisadçının fikrincə, bu qərar özəl sektor və yanacaq idxalçıları üçün həm risk, həm də imkanlar yaradır. Risk ondan ibarətdir ki, rüsumların sabitliyi bəzi hallarda qiymət dalğalanmalarına qarşı elastikliyi azalda və qazanc səviyyəsində dəyişikliklərə səbəb ola bilər. İmkan isə idxalçı və ticarətçilərin xərclərini əvvəlcədən planlaşdırması və bazar şəraitinə uyğun qiymət siyasəti qurmasının asanlaşmasıdır.
Akif Nəsirli əlavə edib ki, benzin qiymətlərinə təsir baxımından qısa müddətdə sabit rüsumlar kəskin dəyişikliklərin qarşısını ala bilər. Lakin beynəlxalq neft qiymətləri əhəmiyyətli dərəcədə yüksələrsə, daxili bazarda qiymətlərin tədricən artması ehtimalı mövcuddur. Eyni zamanda, şəffaf və proqnozlaşdırılan xərclər hesabına qiymət dalğalanmaları daha yumşaq şəkildə baş verəcək.
Gülnaz Abdullazadə
