Son bir həftədir səhəri İsrail-İran hərbi toqquşması ilə açır, hər gün yüzlərlə yeni xəbər oxuyuruq. İşin ən heyrətamiz tərəfi də odur ki, dövlətləri bizim 4-5 rayonun torpağı qədərdir, amma bir milyon altı yüz qırx səkkiz min kvadrat kilometr ərazisi, 90 milyona yaxın əhalisi olan İrana, az qala meydan oxuyur yəhudilər.
Yəhudiləri bütün mənalarda önə çıxaran cəhət isə, onların həm kəşfiyyatda, həm də hava məkanında, o cümlədən yerdən idarə olunan bütün hərbi əməliyyatlarda texnoloji üstünlüyə sahib olmalarıdır. Mən hələ bu günə qədər heç bir yerdə oxumamışam, kimsənin dilindən eşitməmişəm desinlər ki, İsrail balaca dövlətdir. Çox qəribədir, elə deyilmi?!
Dünən bir dostumuz çox sadə görünən, amma mahiyyətində mürəkkəb məzmun daşıyan bir sual verdi: bu yəhudilər tarix boyu başlarına bunca müsibətlər gəlməsinə baxmayaraq, necə oldu ki, bu qədər uğurlu oldular?!..
Çox az tərəddüd edərək belə cavab verdim: MİLLİ OLA BİLMƏK VƏ İCMALAŞMAQ QABİLİYYƏTİ! “MİLLİ OLA BİLMƏK” arqumentim onu sanki karıxdırdı və dərhal da belə dedi: yenə başladın milliyyətçilik etməyə?
Təbii ki, mən onun bu bəsit yanaşmasına istehza ilə güldüm. Niyə güldüyümü soruşanda, cavab verdim ki, məni ya şüurlu şəkildə anlamaq istəmirsən, ya doğrudan anlamırsan, ya da anlayırsan, amma özünü axmaq yerinə qoyursan. Sonra mənə çönüb dedi ki, bu fenomeni mənim üçün bir az da aça bilərsən?! Dedim ki, sualın çox maraqlıdır və bir çox baxımdan əsaslıdır. Mənim irəli sürdüyüm milli olmaq keyfiyyəti milliyyətçilik deyil, əziz qardaş, MİLLİ OLMAQ – fərdin ümumi olanlar üçün təəssübkeşliyi və təşəbbüskarlığı, onun bu istiqamətdə fədakarlığı, özünü könüllü surətdə ümumiyə fiziki-maddi olduğu qədər də, mənəvi-ruhani təslim etməkdir.
Bəli, təəssübkeşlik, təşəbbüskarlıq və icmalaşma bacarığı yəhudi xalqının tarixi uğur və davamlılığının əsas sütunları kimi göstərilə bilər. Bu fikri bir az genişləndirib əsaslandırsaq, bu qənaətə gələ bilərik:
Yəhudilərdə milli olmaq və kollektiv şüur ən üstün məziyyətdir. Yəhudilər, çoxəsrlik diaspor həyatına baxmayaraq, öz milli kimliklərini qorumağı bacarıblar. Bu, sadəcə dil və dinlə yox, ortaq yaddaş və ortaq məqsədlə bağlıdır. Onlar “millət” anlayışını coğrafi yox, mədəni və mənəvi kontekstdə yaşadıblar. Bu da onlara istənilən ölkədə həm fərd, həm də icma kimi dayanıqlıq verib. Bu mənada icmalaşma və dəstək şəbəkələri bu varoluşun və dayanıqlığın əsas mənbəyinə çevrilib. Yəhudi icmaları dünyanın harasında olsalar da, güclü icma bağlarına və bir-birinə dəstək mexanizmlərinə malikdirlər.
Təhsildə və biznesdə bir-birinə yol açmaq, xeyriyyə və sosial yardımlaşma sistemləri qurmaq, gənclərin yüksəlişinə kömək edən təqaüd və mentorluq sistemləri yaratmaq bu qəbildəndir. İşin ən ideal tərəfi də odur ki, bu, təkcə fərdi uğurların deyil, kollektiv yüksəlişin də əsas səbəblərindəndir. Əlbəttə, bu yerdə təşəbbüskarlıq və yenilikçilik kimi keyfiyyətlər qüvvələri hərəkətə keçirmək üçün başlıca keysə çevrilir. Yəhudilərin təhsil və elmə verdikləri önəm, təşəbbüskarlığı sistemli şəkildə dəstəkləmələri və mədəniyyətlərarası uyğunlaşma bacarığı onların qlobal səviyyədə uğurlu olmasına şərait yaradır. İstər texnologiyada, istərsə də maliyyə və mediada bu gün yəhudilərə rəqib olacaq çox az sayda toplumlar var. Bu gün dünyada baş verənləri və yuxarıda danışdıqlarımızı bir araya gətirsək, gərək yəhudilərin əldə etdikləri bu planetar nüfuzun psixoloji və struktur əsaslarını da tapaq. Bu isə uzun işdir.
Dostumun yuxarıdakı sualına qayıtsaq, qısaca bunu deyə bilərəm: bəli, bu amillər onların bu gün dünyada müəyyən “planetar gücə” və nüfuza sahib olmalarının əsas struktur və psixoloji səbəbləridir. Lakin mənim düşüncəmə görə, uğurlarının ən güclü səbəbi təkcə ağıllı olmaq deyil (çünki ağıllı insanlar başqa millətlərdə və xalqlarda da var), əsas fərq dünyəvi nəfsi cilovlayıb ağılları bir araya gətirə bilməkdədir.
DÜNYƏVİ NƏFSİ CİLOVLAMAQ VƏ AĞILLARI BİR ARAYA GƏTİRMƏK!
Beləliklə, əziz dostum, bu fikri həm sosial, həm tarixi, həm də sosioloji baxımdan tam əsaslı etmək üçün önündə ucsuz-bucaqsız mövzu kataloqu açılır. Yəhudilərin uğur modelini, sadəcə, genetik və ya fərdi zəka üstünlüyü ilə yox, milli mənsubiyyət şüuru, təşkilatlanma və birgə hərəkət mədəniyyəti ilə izah edə bilərik. Yəni, çox təəssüf ki, bizdən fərqli olaraq, yəhudilər – uşağından böyüyə hər kəs – hər mənada və həyatın hər bir mərhələsində özünəməxsus siyasiləşmiş fərdə çevrilə bilir və bu fərdlərin cəmiyyətini qurmaqda çox istedadlıdırlar, onlar heç nəyə biganə və laqeyd qalmırlar, ələlxüsus da millət olaraq var olmaq məsələsində.
Bu arada, əziz dostum, “…ağılları bir araya gətirmək bacarığı, təşkilatlanmaq, milli mənsubiyyət şüuru və duyğusu ilə, bizim öz ölkəmizdə kütləvi olaraq müşahidə etdiyimiz insanların dünya malına hərisliyi və özünəqapanma halı arasında balansı necə qoruyur yəhudilər”, deyə bir sual verə bilərsən.
Başqa sözlə, yəhudilər qane olmaq duyğusuna, qane olmaq mexanizminə necə nail olurlar, axı insanoğlu hər yerdə daha çoxunu istəyir?! Bunun bir sadə cavabı odur ki, yəhudilər, insanoğlunun hər yerdə genetik olaraq dünyanın maddi nemətlərinə olan nəfsini kollektiv məqsəd və amallar üçün cilovlamağı bacaran keyfiyyətlərə, mexanizm və sistemlərə malikdirlər. Bu işin sirrinə vaqif olmaq üçün, həm insan psixologiyasına, həm də yəhudi mədəniyyətinin, dininin və sosial sistemlərinin xüsusiyyətlərinə nəzər salmaq lazımdır. Bir şeyi anlamalıyıq ki, “nəfsi cilovlama və qane olmaq” məsələsi, yəhudilərin fərqli şəkildə qurduqları etik və sosial mexanizmlərin nəticəsidir.
Ən əsas özəllik odur ki, yəhudilərdə KOLLEKTİV MARAQ fərdi nəfsdən üstün tutulur. Yəhudi mədəniyyətində fərdi uğur arzuolunandır, amma bu uğur ailədən çox, mütləq icmaya və ümumi məqsədə xidmət etməlidir. Məsələn, zəngin bir yəhudi milyarder yalnız öz sərvətinə görə deyil, icmaya nə qədər töhfə verdiyinə görə də qiymətləndirilir.
Hər uğurlu insanın arxasında duran sual budur: “O, cəmiyyət, millət üçün və dövlət üçün nə etdi?” Bu, nəfsin sərhədlərini sosial məsuliyyət hissi ilə tənzimləyən bir mexanizmdir. Məsələnin bu yanını çox araşdırmışam. İş ondadır ki, yəhudilər din və təlimlərlə nəfsə qarşı psixoloji tərbiyə metodlarından məharətlə istifada edirlər.
Yahudilik (İudaism) öz içində dərin mənəvi intizam və nəfsi cilovlama sistemləri daşıyır: “Yetzer Hara” (pis meyl) və “Yetzer Hatov” (yaxşı meyl) anlayışları ilə insan daim daxili mübarizədədir və bu barədə düşünmək onun həyat tərzidir. Şabat (istirahət günü) təlimi maddi işlərdən çəkilib ruhani və ailəvi dəyərlərə fokuslanmaqdır. Bu da insanda nəfsin dincəldilməsi vərdişləri yaradır. Toplumun inkişafında aparıcı xətt olan təhsilin və əmək mədəniyyətinin kultlaşdırılması isə, yəhudilərin bir toplum olaraq qlobal miqyasda əldə etdikləri böyük uğurların əsas dayaq nöqtəsidir.
Yəhudi ailəsində təhsil, intizam və əmək uşaqlara və yeniyetmələrə müqəddəs anlayışlar kimi təlqin olunur. Uşaqlıqdan formalaşan bu tərbiyə insana öyrədir ki, pul və mülk hədəf deyil, vasitədir; dəyər qazancda deyil, töhfədə və davamlılıqdadır. Məhz bu təlim-tərbiyə metodu yəhudilərin əsrlər boyu bir-birini əvəz edən nəsillərində nəfsi idarə etməyi daha sistematik və şüurlu hala gətirib çıxarıb.
Gəldik ən vacib yerə: qane olmaq yox, davamlı faydalı olmaq ənənəsinə. Az öncə yuxarıda belə bir ritorik sual peyda olmuşdu: “İnsan hər yerdə daha çoxunu istəyir.” Bəli, bu, psixoloji olaraq doğrudur. Amma yəhudilər bu “daha çox istəyi” daha çox dəyər yaratmaq, daha çox fayda vermək, daha yaxşı sistem qurmaq ənənəsinə çevirə biliblər. Nəticədə yəhudilərdə qarın doyurmaq yerinə, məzmun yaratmaq, pul yığmaq yerinə, struktur yaratmaq, sadəcə, yaşamaq yerinə, mənalı iz qoymaq toplumun hər bir fərdində vazkeçilməz ümummilli vəzifəyə çevrilib. Beləliklə, əslində, nəfs yenə də var, amma sublimasiya olunur – yəni dağıdıcı yox, qurucu kanallara yönləndirilir.
Gəlirəm lap başa, dostumun mənə verdiyi suala: bu yəhudilər, tarix boyu başlarına bunca müsibətlər gəlməsinə baxmayaraq, necə oldu ki, bu qədər uğurlu oldular?! Yazdıqlarımızın hamısını ümumiləşdirib qısa şəkildə onu deyə bilərəm ki, Yəhudilər öz uğurlarını bu amillərə borcludurlar: nəfsi fərdilikdə deyil, icmada əridə bilmək, daxili istəkləri xarici dəyərlərlə tənzimləmək, uğuru maddi zənginlikdən çox, mənəvi və ictimai töhfədə görmək. Bu model ağlı topuğunda yox, başında olan istənilən xalq və icma üçün nümunə ola bilər, çünki burada genetikadan çox, mədəniyyət, ənənələr və tərbiyə rol oynayır, əziz Dostum.
Siyasətçi Mirzə Rəşad Orbey
Referans